Prezident İlham Əliyevin praqmatik siyasəti beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur – ŞƏRH
Bakı, 6 fevral, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin qurucu lideri Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyan “Zayed İnsan Qardaşlığı Mükafatı” bəşəriyyəti ortaq tale ətrafında birləşdirməyi hədəfləyən bir anlayışı təmsil edir. Bu mükafatın Azərbaycan Prezidenti İlham Əliyevə verilməsi həm dövlət, həm də siyasi liderlik müstəvisində dəyərləndirillməlidir. Bu, həm də İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə həyata keçirilən sülhyönümlü siyasətin, ölkənin “münaqişədən sonrakı dövrdə nizamqurucu aktor” kimi üzərinə götürdüyü rolun və uzun illərdir dövlət siyasəti səviyyəsində təşviq edilən dinlər və mədəniyyətlərarası tolerant yanaşmanın beynəlxalq aləmdə qəbul edilməsinin göstəricisidir. Eyni zamanda bu seçim, Türkiyə–Orta Asiya–Körfəz xətti üzrə formalaşan yeni geosiyasi xətlərin dəstəklənməsi baxımından da əhəmiyyət daşıyır. Bir sözlə, Prezident İlham Əliyevə təqdim olunan mükafat Azərbaycanın regional liderlik iddiasını və beynəlxalq legitimliyini möhkəmləndirən strateji bir simvol kimi dəyərləndirilə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin dosenti, siyasi ekspert Bahar Özsoy bildirib.
Onun sözlərinə görə, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə verilməsi təxminən 35 il davam edən bir münaqişəni sülh yolu ilə başa çatdırmağa yönəlmiş siyasi iradənin, hərbi və geosiyasi üstünlükləri diplomatik müstəvidə ifadə etmə bacarığının və sülhü dayanıqlı hala gətirməyə hesablanmış strateji mövqeyinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi deməkdir: “Prezident İlham Əliyevin liderliyi böhran anlarında güc amilini siyasi məqsədlərlə uzlaşdırmaq və münaqişədən sonrakı dövrü idarəolunan bir nizam çərçivəsində formalaşdırmaq bacarığı ilə səciyyələnir. Onun xarici siyasət konsepsiyası Azərbaycanı regional rəqabətlərin passiv obyekti olmaqdan çıxararaq, prosesləri yönləndirən və tarazlıq yaradan fəal aktor mövqeyinə yüksəltməyi hədəfləyib. Bu qiymətləndirmə təkcə sülh sazişinə nail olunmasına yönəlmiş diplomatik səylərlə məhdudlaşmır, eyni zamanda, Prezident İlham Əliyevin sülhü təhlükəsizlik, sabitlik və suverenlik anlayışları ilə vəhdətdə nəzərdən keçirən praqmatik siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduğunu göstərir”.
Siyasi ekspert qeyd edib ki, müxtəlif din və mədəniyyətlərin birgəyaşayışını Azərbaycanın dövlət siyasətinin tamamlayıcı elementlərindən biri kimi vurğulayan İlham Əliyev bu diskursu ideoloji iddia kimi deyil, ölkənin ictimai quruluşunu və regional mövqeyini əks etdirən xarici siyasət dili kimi formalaşdırıb. “Sərgilənən bu siyasi iradə Azərbaycanın prinsipial sülh siyasətinin həyata keçirilməsində həlledici rol oynayıb, ölkənin münaqişədən sonrakı dövrdə üzərinə götürdüyü missiyanı institusional və davamlı əsaslar üzərində inşa edib. “Zayed İnsan Qardaşlığı Mükafatı” da məhz bu kontekstdə, sülhdən sonrakı mərhələdə Azərbaycanın oynadığı konstruktiv rolun və bu prosesi istiqamətləndirən siyasi liderliyin beynəlxalq miqyasda qəbul olunmasının sübutudur.