REGİONLAR


Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları Tərtərə və Gəncəyə ekskursiya ediblər

Gəncə, 9 aprel, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin gənc kursantlarının Tərtər rayonuna və Gəncə şəhərinə ekskursiyası təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə kursantlar Tərtər şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər.

Sonra Tərtər rayonu N saylı hərbi hissədə kursantlar əsgərlərlə birgə nahar ediblər.

Tədbirin bədii hissəsində “Vətənpərvərlər” qrupu tərəfindən Aprel şəhidi, kapitan Vaqif Bayramova həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib, Gəncə Qarnizonu Zabitlər Evinin solistlərinin ifasında hərbi vətənpərvərlik mahnıları səsləndirilib.

Ekskursiya zamanı Aprel döyüşlərinin üçüncü ildönümü münasibətilə rayonun Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya da təşkil edilib.

Kursantlar xalqımızın qədim maddi mədəniyyətini əks etdirən bir çox məişət əşyaları ilə yaxından tanış olublar. Muzeydə sərgilənən Aprel şəhidlərinin hərbi formaları və onlara məxsus əşyalar kursantlarda maraq yaradıb.

Ekskursiya çərçivəsində kursantlar ölkənin ikinci böyük şəhəri Gəncə ilə yaxından tanış olub, muzey və tarixli yerləri - Şah Abbas meydanı, Şah Abbas məscidi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın türbəsi, Tarix-Diyarşünaslıq Muzeyi, Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ev-muzeyi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Nizami Gəncəvi Kompleksini ziyarət ediblər.

Gəncə şəhərinin tarixi ilə bağlı məlumatlar Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarının tarixi biliklərini daha da zənginləşdirib, gənclərdə xoş təəssürat yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.