CƏMİYYƏT
Gəncədə qanunsuz fəaliyyət göstərən ət satışı məntəqəsi aşkarlanıb
Bakı, 14 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər çərçivəsində Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 44B ünvanında Əlzamin Səfər oğlu Xudiyevin fəaliyyət göstərdiyi ət satışı məntəqəsində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, işçinin sanitar geyim qaydalarına əməl etmədiyi və tibbi müayinələrdən keçmədiyi aşkarlanıb.
Aşkar olunmuş faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.