SİYASƏT
Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc Türkiyəyə dəstək aksiyası keçirib
Tbilisi, 15 oktyabr, AZƏRTAC
Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc Türkiyənin Tbilisidəki səfirliyinin qarşısında aksiya keçirib.
AZƏRTAC xəbər verir ki, aksiya Türkiyə ordusunun Suriyada keçirdiyi “Sülh çeşməsi” əməliyyatlarına dəstək məqsədilə keçirilib.
Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgan aksiya iştirakçılarını salamlayıb və onlara göstərdikləri dəstəyə görə təşəkkür edib. Azərbaycanlı gənclərin bu addımının qürur hissi doğurduğunu bildirən səfir deyib: Türkiyə və Azərbaycan hər zaman bir yerdədir. Biz “Bir millət, iki dövlət” olaraq terrora qarşı da bir yerdə mübarizə aparmışıq. Bu gündə bir yerdəyik”.
Diplomatın sözlərinə görə, Türkiyə Suriyada yaşayan sadə, sülhsevər insanlara dəstək verir. “Sülh çeşməsi” əməliyyatı da məhz sülh məqsədi daşıyır. Biz dünyaya sülh yayırıq. Türk əsgəri hər zaman sülhün keşiyində olub və olacaq.
Səfir Azərbaycan, Gürcüstan və Türkiyə dostluğunu tərənnüm etdirən tədbirin təşkilatçılarına təşəkkür edib.
Aksiyada əllərində Azərbaycan, Türkiyə və Gürcüstanın bayraqlarını tutmuş gənclər “Nə mutlu ki, türkəm”, “Yaşasın türk əsgəri”, “Dik dur əyilmə, bu millət səninlə”, “Hər türk əsgər doğulur” şüarları səsləndiriblər.
Xətayi Əzizov
AZƏRTAC-in xüsusi müxbiri
Tbilisi