CƏMİYYƏT
Hans Kluge: koronavirus əleyhinə peyvəndin mövsümi olması arzuolunandır
Bakı, 27 aprel, AZƏRTAC
Koronavirus əleyhinə peyvəndin mövsümi olmasının, yəni bir doza vurulmaqla məsələnin həll olunması arzuolunandır, lakin pandemiya davam etdiyindən hələ ki bu barədə düşünülmür.
AZƏRTAC bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Kluge Şamaxıya səfəri zamanı deyib.
Onun sözlərinə görə, ümumiyyətlə koronavirusla bağlı vəziyyət yaxşıdır: “Lakin yenə də xahiş edərdim ki, hər kəs öz sağlamlığı üçün peyvənd olunsun. Peyvənd olunanlar isə mütləq buster dozanı vurdursunlar”.
ÜST rəsmisi Azərbaycanda peyvəndlənmə göstəricilərinin olduqca yaxşı olduğunu bəyan edib. “Peyvəndlərin və tibbi ləvazimatların Azərbaycan tərəfindən digər dünya ölkələri ilə paylaşılması təqdirəlayiqdir. Buna görə ölkənizə təşəkkür edirəm. Çünki bu, qlobal həmrəyliyin möhkəmləndirilməsinə yönələn addımdır", - deyə ÜST rəsmisi bildirib.