REGİONLAR
İmişlidə şəhid ailələri və qazilərə medallar təqdim olunub
İmişli, 26 iyun, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə rayonunun Şəhidlər Xiyabanında 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin yaxınları və İkinci Qarabağ müharibəsi iştirakçıları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Birinci Qarabağ döyüşlərində canından keçən şəhidlərimizin məzarlarını ziyarət edib, dərin ehtiramlarını bildiriblər. Həmçinin Vətən müharibəsində şəhadətə yüksələn qəhrəmanların xatirəsinə ucaldılan abidə də iştirakçılar tərəfindən ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülərək əziz xatirələri böyük ehtiramla yad edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsi, möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına müvəffəq olduğunu bildiriblər. Bu uzaqgörən siyasətin nəticəsində şanlı Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızı 44 gün ərzində azad edib.
Sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsindəki igidlik və şücaətlərinə görə təltif olunan şəhidlərin medalları onların ailə üzvlərinə, qazilərin isə özlərinə təqdim olunub.
Tədbirin sonunda şəhidlərin yaxınları və Vətən müharibəsi iştirakçıları bir daha Silahlı Qüvvələr Günü münasibətilə təbrik edilib, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş hər bir şəxsin dövlətimizin xüsusi diqqət və qayğısı altında himayə olunduğu vurğulanıb.