ELM VƏ TƏHSİL
Akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr edilmiş kitabın təqdimatı keçirilib
![](/files/galleryphoto/2024/2/1200x630/17162923422533028679_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17162923421511435648_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17162923424356852633_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17162923422071549184_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17162923424252238105_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17162923421114646435_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1716292342658446168_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1716292342240228902_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17162923424562119605_1200x630.jpg)
Bakı, 21 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Ümumi dilçilik kafedrasının müdiri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr edilmiş görkəmli Danimarka dilçisi Lui Yelmslevin “Linqvistik nəzəriyyənin əsasları” kitabının təqdimatı keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Filologiya fakültəsinin dekanı Elçin Məmnmədov universitetdə ümumi dilçilik akademik məktəbinin ənənələrindən söz açıb, Nizami Cəfərovun rəhbərliyi dövründə kafedranın elmi həyatında baş verən canlanmanın gənclərin elmə marağının artmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Alimin tərcümə yaradıcılığına diqqət çəkən dekan bildirib ki, Lui Yelmslevin struktur dilçiliyin qlossematik hüdudlarını və üfüqlərini müəyyən edən bu əsəri ilk dəfə Danimarka, sonra isə ingilis dillərində nəşr olunub. Əsərin Azərbaycan dilindəki hazırkı nəşri isə rus dilindən tərcümədir.
Tədbirdə akademik Nizami Cəfərov görkəmli dilçinin elmi yaradıcılığı haqqında məlumat verib, kitabın tərcüməsinin Azərbaycan elmi ictimaiyyəti üçün maraq doğuracağına əminliyini ifadə edib. Bildirib ki, dahi Ferdinand de Sössürün “Ümumi dilçilik” kursunun nəşrindən sonra dil haqqındakı elmin tarixində böyük bir hərəkat baş verib. “Linqvistik nəzəriyyənin əsasları” kitabının məziyyətlərinə toxunan akademik Nizami Lui Yelmslevin özünəməxsus metadil axtarışlarına münasibətini ifadə edib, bu baxışları Azərbaycan dilçilərinin metadili anlayışı ilə qarşılaşdırıb.
Sonra AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Dilçilik İnstitutunun şöbə müdiri professor İlham Tahirov, BDU-nun professorları Elbrus Əzizov və Tofiq Hacıyev, Azərbaycan Dillər Universitetinin professorları Azad Məmmədov və Adil Babayev, BDU-nun dosenti İsmayıl Məmmədov akademik Nizami Cəfərovun ümumi dilçilik və tərcümə sahəsindəki xidmətlərindən, o cümlədən yeni nəşrin dilçiliyimiz üçün mühüm hadisə olmasından danışıblar.