CƏMİYYƏT
İnsan hüquqlarının müdafiəsinə həsr olunmuş videoçarxlar müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 21-də Bakıda “İnsan hüquqlarına dair gənclərin iştirakı ilə qısametrajlı videoçarxlar müsabiqəsi” layihəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev layihənin məqsədinin gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətinin insan hüquqlarının qorunmasına cəlb edilməsi və onların insan hüquqları ilə bağlı biliklərinin artırılması olduğunu diqqətə çatdırıb. Mövzunun əhəmiyyətindən danışan nazir müavini layihənin insan hüquqlarının qorunmasına öz töhfəsini verəcəyinə inandığını qeyd edib. O, qalibləri və mükafatçıları təbrik edərək onlara uğurlar arzulayıb.
Sonra çıxış edən Milli Məclisin deputatı Şahin İsmayılov və Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, hər bir qurumun dəstəyinin vacibliyini vurğulayıb. Çıxış edənlər Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat veriblər.
Daha sonra münsiflər heyətinin üzvləri çəkilən videoçarxlar haqqında öz rəylərini bildirib və iştirakçılara tövsiyələr veriblər.
Sonda ilk üç yerin qalibləri təltif olunublar. Müsabiqənin digər iştirakçılarına isə həvəsləndirici diplomlar təqdim edilib.
Xatırladaq ki, müsabiqədə rayon və şəhərlərdə fəaliyyət göstərən Gənclər Evi və ya Gənclər mərkəzlərinin 18 ictimai fəalı iştirak edib. Müsabiqə çərçivəsində 21 videoçarx ərsəyə gətirilib.
Qeyd edək ki, layihə çərçivəsində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə mayın 29-dan 31-dək "İnsan hüquqları" mövzusunda təlimlər keçirilib. Tanınmış telejurnalistlərin, hüquqşünasların iştirakı ilə keçirilmiş təlimlərdə iştirakçılara insan hüquqları, sosial çağırışların mahiyyəti, sosial reklamın estetikası, ictimai aktivlik, məsuliyyət barədə məlumat verilib, o cümlədən onlar videosüjetlərin çəkilişi və montajı ilə bağlı praktik biliklərə yiyələniblər. Təlimlərdə 40 nəfər ictimai fəal iştirak edib və yaradıcı gənclər onlar arasından seçilib.