CƏMİYYƏT
Məktəblərdə və müəssisələrdə yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri davam edir
Bakı, 10 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Mingəçevir şəhər 19 nömrəli tam orta məktəbində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Siyəzən şəhər Uşaq İncəsənət Məktəbində, Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə İsmayıllı rayon “Azərxalça” ASC-də maarifləndirmə tədbirləri keçirib.
FHN-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında, eləcə də həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.
Həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi diqqətə çatdırılıb.
Eyni zamanda, pilləkən qəfəslərində əlavə otaqlar quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara diqqətlə yanaşılmasının vacibliyi qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Bundan başqa, tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanıb.