REGİONLAR


Milli Qəhrəman Çingiz Qurbanovun şəhidlik zirvəsinə ucalmasının ildönümüdür

Qusar, 29 dekabr, Elxan Yusifli, AZƏRTAC

Dekabrın 29-u Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun şəhidlik zirvəsinə ucalmasının ildönümüdür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Azərbaycan Texniki Universitetinin (AzTU) kollektivi Qusarın Şəhidlər xiyabanında Milli Qəhrəmanın məzarını ziyarət edib.

Anım tədbirində Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin rəsmiləri, Milli Qəhrəmanın ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AzTU-nun rektoru Vilayət Vəliyev Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yoluna nəzər salıb. Bildirib ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olub. Bununla Çingiz Qurbanov yeni tarix yazmağı bacarıb. Rektor Çingizin qəhrəmanlığının Azərbaycan gəncliyinə, xüsusilə də AzTU tələbələrinə hər zaman örnək olacağını da qeyd edib. 2018-ci ildə universitetin Elmi Şurasının qərarı ilə Milli Qəhrəman Çingiz Qurbanovun adına təqaüd təsis olunub.

Silahlı Qüvvələrin ehtiyatda olan polkovniki Şair Ramaldanov bildirib ki, Çingiz Qurbanovun qəhrəmanlığı Azərbaycan xalqının işğalla heç bir zaman barışmayacağını bir daha sübut edib.

Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusarın Həzrə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Texniki Universitetində davam etdirib. 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov iyul ayında həqiqi hərbi xidmətə yollanıb. 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Şəhidin cəsədi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

2017-ci il fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb. Onun adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilib. Ç.Qurbanovun adını daşıyan küçədə barelyefi qoyulub.

Çıxış edənlər Milli Qəhrəman Çingiz Qurbanovun əziz xatirəsinin hər zaman yad ediləcəyini, onun Vətən uğrunda göstərdiyi şücaətin isə nəsildən-nəslə ötürüləcəyini qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.