Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Yekaterinburqda da yad olunub
Yekaterinburq, 19 yanvar, AZƏRTAC
Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulluğu Sverdlovsk vilayətində fəaliyyət göstərən “Azərbaycan” ictimai təşkilatı və Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) Yekaterinburq şəhər təşkilatı ilə birgə 20 Yanvar faciəsinin 28-ci il dönümünə həsr olunmuş anım mərasimi təşkil edib.
Azərbaycanın Yekaterinburqdakı baş konsulu vəzifəsini icra edən İlqar İskəndərov tədbiri açaraq 20 Yanvar hadisələri ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. O qeyd edib ki, həmin müdhiş günlərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vətəndə olmaması ən böyük həqiqət kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən tez səs verən də elə Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında olsa da, özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.
Diplomat vurğulayıb ki, ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar və Qarabağ şəhidləri ailələrinin, müharibə veteranlarının, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük işlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. İ.İskəndərov deyib: “Bu il xalqımız 20 Yanvar hadisələrinin 28-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini hər zaman böyük ehtiramla yad edir”.
Sonra 20 Yanvar faciəsini əks etdirən fotoşəkillər və film nümayiş etdirilib.
Rusiyanın Sverdlovsk vilayəti qubernatorunun müavini Vadim Dubiçev, B.N.Yeltsin adına Ural Federal Universitetinin xarici regionşünaslıq kafedrasının müdiri, Azərbaycanşünaslıq Mərkəzinin direktoru Aleksandr Nesterov, Ural federal dairəsi üzrə Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski, RAGB gənclər təşkilatının fəalları çıxış edərək faciənin günahkarlarının cəzalandırılmasının vacibliyini vurğulayıblar.
Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq