REGİONLAR
Qazaxda Milli Qəhrəmanın xatirəsinə abidə-bulaq kompleksi açılıb
Qazax, 14 aprel, Famil Quliyev, AZƏRTAC
Qazaxda Azərbaycanın Milli Qəhrəmanı Firuddin Şamoyevin xatirəsinə tikilmiş abidə-bulaq kompleksinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək respublikamızda, eləcə də Qazax rayonunda şəhidlərə göstərilən hörmət və ehtiramdan danışıb. Qeyd edib ki, cəbhə bölgəsində yerləşən Qazax rayonu torpaqlarımız uğrunda gedən döyüşlərdə 292 şəhid verib. Onlardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bundan əvvəl də şəhidlərə hörmət əlaməti olaraq onların xatirəsinə bulaq-abidə kompleksləri inşa edilib. Ümumiyyətlə, Qazax şəhərində şəhidlərin xatirəsinə 7 bulaq-abidə kompleksi tikilib.
Sonra rayon ağsaqqalı Xanqulu Süleymanov, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal, şair Cavanşir Rüstəm, qəhrəmanın adını daşıyan şəhər 4 nömrəli tam orta məktəbin direktoru Məhəmməd Aşırov və başqaları çıxış edərək şəhidin keçdiyi döyüş yolundan danışıblar.
Milli Qəhrəmanın həyat yoldaşı Həmayıl Şamoyeva onlara göstərilən diqqət və qayğıya görə ailə üzvləri adından minnətdarlığını bildirib.
Tədbirdə məktəblilər və Firuddin Şamoyevin nəvələri qəhrəmana həsr olunmuş şeirlər söyləyiblər.