“Rusiya 2018”: Portuqaliya-İspaniya qarşılaşması heç-heçə başa çatıb
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 15-də futbol üzrə XXI dünya çempionatının “B” qrupunda ilk tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Soçidə “Fişt Olimpiya” stadionunda çempionatın favoritlərindən sayılan İspaniya və Portuqaliya milliləri qarşılaşıblar.
İtaliyalı referi Canluka Rokkinin idarə etdiyi qarşılaşmada Portuqaliya millisi erkən qolla hesabı açıb. Qarşılaşmanın 4-cü dəqiqəsində Kriştiano Ronaldo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Bu qoldan iyirmi dəqiqə sonra Dieqo Kosta iki müdafiəçinin arasından qapıya dəqiq zərbə endirərək hesabda tarazlılığı bərpa edib -1:1. Birinci hissənin başa çatmasına bir dəqiqə qalmış Kriştiano Ronaldo dublunu rəsmiləşdirib - 2:1.
İlk hissə Portuqaliya yığmasının 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Qarşılaşmanın ikinci hissəsində üstün oyun nümayiş etdirən İspaniya yığması matçın 55-ci dəqiqəsində yenidən hesabı bərabərləşdirib. Cərimə zərbəsi ilə başlayan hücumda Dieqo Kosta dubl edib - 2:2.
Oyunun 58-ci dəqiqəsində portuqaliyalı müdafiəçilərin cərimə meydançasından uzaqlaşdırdıqları topa qüvvətli zərbə endirən Naço Fernandes baxımlı qolla İspaniyanı hesabda irəli çıxarıb - 3:2. Lakin bu da oyunda son qol olmayıb. Matçın 88-ci dəqiqəsində Kriştiano Ronaldo cərimə zərbəsindən topu canlı səddin üzərindən birbaşa “doqquzluğ”a göndərərək çempionatda ilk het-trikə imza atıb və matçda son nöqtəni qoyub. Beləliklə, Portuqaliya-İspaniya görüşü 3:3 hesablı heç-heçə ilə başa çatıb.
Xatırladaq ki, Kriştiano Ronaldo 2006-cı, 2010-cu və 2014-cü illərdə iştirak etdiyi üç mundialın hər birində bir dəfə fərqlənə bilib. Portuqaliyalı forvard əvvəlki üç dünya çempionatında göstərdiyi nəticəyə “Rusiya 2018”də ilk oyunda nail olub.
Bu qrupun ilk görüşündə Mərakeş yığmasına son dəqiqədə vurduğu qolla qalib gələn İran yığması ilk sıraya yüksəlib.
Qeyd edək ki, 2010-cu ildə dünya çempionatının qalibi olan İspaniya yığması 15-ci dəfədir mundialda çıxış edir.
İndiyədək altı dəfə dünya çempionatına qatılan Portuqaliya yığması isə 1966-cı ildə üçüncü, 2006-cı ildə isə dördüncü yeri tutub. 1966-cı ildəki mundialda Portuqaliya futbolunun əfsanəsi Eysebio 9 qolla bombardir olub. Bu yığmalar dünya çempionatının tarixində indiyədək beş dəfə qarşılaşıblar. Onların dördündə İspaniya milli komandası qalib qəlib.