REGİONLAR
Sabirabadda Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə orden və medallar təqdim edilib VİDEO
Sabirabad, 26 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda 26 iyun - Silahlı Qüvvələr Günündə şəhid ailələri və vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Döyüşlərdə şücaət göstərən qəhrəmanların təltif olunduğu orden və medalların təqdimatı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş Sabirabad şəhərində yerləşən Heydər Əliyev adına mərkəzdə gerçəkləşib. Toplantıda şəhid ailələri, vətən müharibəsi qaziləri, rayon rəhbərliyi və hüquq mühafizə orqanı əməkdaşları iştirak ediblər.
Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edənlər 103 yaşlı Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən söhbət açıblar. Qeyd edilib ki, xalq-ordu birliyi hər zaman özünü büruzə verdiyi kimi, vətən müharibəsində istər xidmətdə olan, istərsə də ehtiyatda olan qəhrəmanlarımız Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək dəmir yumruq əməliyyatı nəticəsində düşmənə sarsıdıcı zərbələr vurdular. Həmçinin güclü Azərbaycan Ordusunun ən müasir silahlarla təminatı bir daha özünü göstərdi. 44 günlük Vətən müharibəsi Azərbaycanın Qələbəsi ilə nəticələndi və torpaqlarımız düşmən tapdağından azad edildi.
Çıxışlar zamanı qeyd edilib ki İkinci Qarabağ müharibəsində hər bir Azərbaycanlı kimi sabirabadlılar da öz üzərinə düşən vətənpərvərlik vəzifəsini layiqincə yerinə yetiriblər. Ön cəbhə ilə bərabər arxa cəbhədə də sabirabadlılar fəallığı vətənpərvərliyi ilə seçilib. Bu gün isə dövlət tərəfindən Vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi və qazilərin qayğısı üçün lazımi addımlar atılır. Torpaqlarımızın azadlığı uğrunda şücaət göstərənlər diqqətdən kənarda qalmırlar.
Qeyd edək ki, mərasim zamanı Sabirabaddan ilkin mərhələdə 120 şəhid ailəsinə və qaziyə orden və medallar təqdim edilib.