2013-2023-cü illərdə mövcud olan veb-səhifələrin dörddəbiri yoxa çıxıb

Bakı, 21 may, AZƏRTAC
2013-2023-cü illər dövründə yaradılan bütün kontentin təxminən dörddəbiri, həmçinin 2013-cü ildə tədqiqata başlayan zaman mövcud olan saytların və veb-səhifələrin 38 faizi internetdə yoxa çıxıb. Sonrakı dövrə gəlincə, ötən ildən hazırkı dövrədək internetdə səhifələrin ümumi sayının artıq 8 faizi əlçatan deyil, yaxud da kökündən dəyişdirilib.
AZƏRTAC xəbər verir ki, Vaşinqtonda “Pew Research Center”in analitiklərinin apardıqları tədqiqatların dərc olunmuş nəticələri bunu sübut edir. Tədqiqatın aparılmasından məqsəd kontentin internetdə nə dərəcədə uzunömürlü olmamasını və bəşəriyyətin informasiyanın qorunmasını yalnız veb-saytlara etibar edəcəkləri təqdirdə bu məlumatı necə asanlıqla itirə biləcəklərini bariz şəkildə nümayiş etdirməkdir.
“Pew Research Center” araşdırma mərkəzinin ekspertləri tərəfindən məlumatların öyrənilməsi göstərib ki, cari ilin yazında dövlət və xəbər saytlarına, eləcə də vikipediya səhifələrində “İstinadlar” bölməsində keçidlərin böyük hissəsi etibarsızdır. Məsələn, xəbər internet səhifələrinin 23 faizində və dövlət saytları səhifələrinin 21 faizində ən azı bir istinad etibarsız olub. Bu problemdən yerli hakimiyyətlərin saytları daha çox əziyyət çəkiblər. Bundan başqa, vikipediyada səhifələrinin yarıdan çoxu – 54 faizi azı bir köhnəlmiş istinad daxil ediblər.
Tədqiqatçılar, həmçinin sosial şəbəkələrdə səhifələrin əlçatanlıq dinamikasını da araşdırıblar. Onlar “X” platformasında 2023-cü ilin yazında dərc olunan tvitləri təhlil edərək öyrəniblər ki, postların təxminən 20 faizi dərc edildikdən bir neçə ay sonra əlçatmaz olur. Həmin halların 60 faizində bu, akkauntun statusunun məxfiyə dəyişdirilməsi, onun bloklanlanması və ya pozulması ilə bağlıdır. Yerdə qalan 40 faizə isə istifadəçilərin özləri tərəfindən tvitlərin silinməsi halları aiddir.
“X” sosial şəbəkəsinin ayrıca aparılmış tədqiqatında 2023-cü il martın 8-dən aprelin 27-dək dərc olunan 5 milyon tvit nəzərdən keçirilib. Aşkar olunub ki, tvitlərin 18 faizi iyunun 15-nə artıq əlçatan olmayıb. Onların əksəriyyəti bloklanma və ya akkaunt müəllifləri tərəfindən silinmə səbəbindən yoxa çıxıb. Qeyd olunur ki, tvitlərin böyük hissəsi bir ay ərzində silinir. Üstəlik, onların yarısı dərc olunduqdan sonra ilk 6 gün ərzində, 90 faizi isə 46 gün ərzində əlçatmaz olur.
Son onillikdə veb-səhifələrin təhlili zamanı aşkar edilib ki, “Common Crawl” arxivlərindən 2023-cü ilin oktyabrında toplanan səhifələrin 25 faizi artıq əlçatmazdır. Onların 16 faizi aktiv saytlarda, 9 faizi isə saytların qapalı olması səbəbindən yoxa çıxıb.
Hökumət saytlarının təhlili göstərib ki, 42 milyon istinadın daxil olduğu təxminən 500 min səhifənin 21 faizində ən azı bir etibarsız keçid olub. Xəbər portalları kateqoriyasında 14 milyon istinadın daxil olduğu 500 min səhifənin 23 faizində ən azı bir etibarsız keçid olub, bütün istinadların 5 faizi isə seçimdə artıq mövcud deyildi. Ən çox ziyarət olunan xəbər saytlarının təxminən 25 faizində işlək olmayan istinadlar yer alıb.
Vikipediyanın ingilisdilli səhifələrində “İstinadlar” bölməsində analitiklər tərəfindən aşkarlanıb ki, onların 82 faizində etibarsız olan ən azı bir xarici istinad olub. Bütövlükdə, 1 milyona yaxın keçidin 11 faizi əlçatmaz olub.