REGİONLAR
Silahlı Qüvvələr Gününü böyük zəfər qazanmış xalqın təmsilçiləri kimi qeyd edirik
Yevlax, 26 iyun, AZƏRTAC
44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycan hərbçisi nəinki Qafqaz regionunun ən güclüsüdür, eyni zamanda dünyanın ən peşəkar, ən qətiyyətli döyüşçüsüdür. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən rayon ərazisindəki N saylı hərbi hissədə təşkil olunan tədbirdə səsləndirilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər hərbçiləri bayram münasibətilə təbrik edib, xidmətlərində uğurlar arzulayıblar. Bildirilib ki, 103 illik tarixi olan bayramı ilk dəfədir ki, böyük zəfər qazanmış xalqın təmsilçiləri kimi qarşılayırıq. Bu bayramda ilk dəfə olaraq, növbəti ildönümünü Qarabağda qeyd etməyi artıq arzulamayacağıq. Çünki bizim bu 30 illik müqəddəs arzumuzu Müzəffər Ali Baş Komandanımız və onun müsəlləh əsgər və zabitləri böyük şücaətlə həyata keçirdilər. Artıq Qarabağ xalqımız üçün arzu deyil, reallıqdır. Bu reallığı təmin edən Müzəffər Ali Baş Komandanımıza, fədakar əsgər və zabitlərimizə sonsuz minnətdarlığımızı bildiririk. Eyni zamanda, Vətən Savaşında qurban gedən fədailərimizin - şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.
Diqqətə çatdırılıb ki, bu gün dünyanın hərb məktəblərində, araşdırma mərkəzlərində Azərbaycanın hərbi modelinin öyrənilməsi, həqiqətən də, hamımızın qürur, iftixar mənbəyidir. Biz artıq hərb sahəsində öyrənmirik, əksinə, öyrədirik. Dünyada nümunə kimi qəbul olunuruq, örnək model yaradırıq. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətini Prezident İlham Əliyev elə bir zirvəyə ucaldıb, onu elə bir zəfərlə taclandırıb ki, artıq bizim gücümüzlə hamı hesablaşır.
Tədbirdə çıxış edən hərbçilər bildiriblər ki bu gün güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Bütün bunlar Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Sonda xidmətdə fərqlənən hərbçilərə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr və Yevlax məktəbliləri tərəfindən “Əsgərə məktub” kampaniyası çərçivəsində yazılmış məktublar təqdim edilib.