MƏDƏNİYYƏT


Şirin Məlikova: Ötən il tariximizin ən şərəfli dövrünü yaşadıq

Bakı, 17 sentyabr, AZƏRTAC

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində ötən il tariximizin ən şərəfli dövrünü yaşadıq. Biz yenidən Azərbaycanın mədəniyyət beşiyi, Vətənimizin ayrılmaz hissəsi, hər birimiz üçün müqəddəs olan Qarabağa qovuşduq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova deyib.

“Dövlətimiz və xalqımız Vətən müharibəsində qəhrəmancasına döyüşən əsgər və zabitlərimizə, 30 ilə yaxın həsrətini çəkdiyimiz torpaqları öz canı, qanı hesabına işğaldan azad edən şəhidlərimizin ruhuna daim böyük sevgi və ehtiram göstərir. Silahlı Qüvvələrimizin hərbi qulluqçularının həlak olduğu, itkin düşdüyü, sağlamlığını itirdiyi II Qarabağ savaşının başladığı 27 sentyabr tarixi Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə Anım Günü kimi qeyd ediləcək. Biz məhz onların sayəsində qəlbimizi riqqətə gətirən sevincli günlər yaşayır, bənzərsiz hadisələrə şahidlik edirik.

Bu gün Azərbaycan xalqının ruhu, döyünən qəlbi, buludlar qoynunda cənnətin bir guşəsini xatırladan, “Azərbaycan musiqisinin beşiyi”, “Zaqafqaziyanın konservatoriyası” adlandırılan Şuşa öz qoynunu doğmalarına açıb, gələn qonaqları bağrına basır” - deyə Ş.Məlikova bildirib.

Qeyd edib ki, Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandalları 600-ə yaxın tarixi memarlıq abidəsini, xalqımızın tarixi-mədəni irsini, o cümlədən, Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini və s. yerlə-yeksan edib. Ancaq Zəfər günündən az vaxt keçməsinə baxmayaraq, Qarabağımız, o cümlədən Şuşamız sürətlə dirçəlir, yenidən öz gözəlliyinə qovuşur. Heydər Əliyev Fondu tərəfindən əməli addımlar atılır. Bu müddət ərzində Cıdır düzündə Qarabağın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Xarıbülbül” festivalı, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə ucaldılmış böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günləri keçirilib. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açılıb, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyulub, Bülbülün evi bərpa olunub, yenidən muzeyi yaradılıb, “Qarabağ” oteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açıb.

Vaqif Poeziya Günləri çərçivəsində bir sıra tədbirlərin keçirildiyini deyən Şirin Məlikova bildirib ki, avqustun 30-da Şuşadakı Yaradıcılıq Mərkəzində “Yaddaş. Fotoqrafik tarix”, Rəsm Qalereyasında “Qarabağ – Azərbaycan mədəniyyətinin incisidir” və Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” adlı sərgilərin açılışı olub. Qeyd edib ki, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” adlı sərgi Heydər Əliyev Fondu tərəfindən bərpa və təmir olunaraq yaradılan Xalçaçılıq Qalereyasında Azərbaycan Milli Xalça Muzeyi tərəfindən təqdim edilib. Sərgidəki eksponatların əksəriyyəti vaxtilə Azərbaycan Milli Xalça Muzeyinin Mehmandarovların imarətində fəaliyyət göstərmiş Şuşa filialında nümayiş olunub.

Qarabağda toxunan xalçaların dünyada yüksək qiymətləndirildiyini söyləyən Azərbaycan Milli Xalça Muzeyinin direktoru bildirib ki, bu bölgədə yenidən xalçatoxuma ənənələrinin bərpası mədəniyyətimizin burada dirçəlməsi deməkdir. Bütün bunlar müqəddəs torpaqların əsl sahibinin kim olduğunu bir daha bütün dünyaya bəyan edir.

“Qələbəyə gedən yolun, ölkəmiz və xalqımız üçün böyük əhəmiyyətə malik hadisələrin başlanğıc tarixi olan 27 sentyabr - Anım Günü ərəfəsində şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiram hissi ilə yad edir, onların ruhu qarşısında baş əyirəm”, - deyə Ş.Məlikova əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.