Musiqi ilə aşılan sərhədlər: Qəbələdə autizmli pianoçunun konserti olub VİDEO
Qəbələ, 6 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı çərçivəsində fevralın 6-da Heydər Əliyev Konqres Mərkəzində autizmli gənc pianoçu Əlisahib Bayramovun konserti olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertə başlamazdan əvvəl pianoçu barədə məlumat verilib.
Bildirilib ki, autizmli Əlisahib Bayramov sənəti, istedadı və böyük əzmi ilə hər kəsin rəğbətini qazanmış bir gəncdir. O, “Birgə və Sağlam” İctimai Birliyinin yetirməsidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Əlisahib 2019-cu ildə keçirilən “Payız əfsanələri” Beynəlxalq Festivalının qalibidir. Autizmli gənc Heydər Əliyev Mərkəzində, həmçinin dəfələrlə müxtəlif festival və konsertlərdə çıxış edib. O, öz musiqisi ilə maneələri aşaraq, böyük uğurlara imza atıb. Bugünkü konsertdə Əlisahib izləyicilərə öz daxili dünyasını və musiqi duyumunu piano dilləri vasitəsilə çatdıracaq.
Konsertdə Faiq Sücəddinovun “Vətən balladası”, Eldar Mansurovun “Elegiya”, “Melodiya”, Vaqif Mustafazadənin “Bakı gecələri”, Tofiq Quliyevin “Sevgi valsı”, Emin Sabitoğlunun “Vals”, “Bakı, sabahın xeyir”, “Ölsəm, bağışla”, “Kəpənək” və digər Azərbaycan və Avropa bəstəkarların əsərləri səsləndirilib.
Əlisahib Bayramov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Uşaq yaşlarımdan musiqiyə böyük həvəs göstərirəm, 14 ildir piano ifaçılığı ilə məşğulam. Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etməyi çox arzulayırdım. Nəhayət arzuma çatdım. Bunun üçün Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə xüsusi minnətdarlığımı bildirirəm. Arzum bu il Şuşa şəhərində keçiriləcək “Xarı bülbül” Beynəlxalq Musiqi Festivalında da iştirak etməkdir”.