Sərdar Fərəcov: Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin təməlini formalaşdırıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Dahi bəstəkar Üzeyir Hacıbəylinin hələ gənc yaşlarından Azərbaycan professional musiqisinin təşəkkülü və inkişafı istiqamətində göstərdiyi xidmətlər misilsizdir. Onun dünyaya gəldiyi Şuşa isə Azərbaycan klassik və xalq musiqisinin beşiyidir.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti, bəstəkar Sərdar Fərəcov bildirib.
Onun sözlərinə görə, Üzeyir Hacıbəyli uşaqlıq illərindən Şuşanın zəngin musiqi mühitində yetişib, xanəndə və sazəndələrin ifalarını, xalq mahnılarını, rəng və rəqsləri dinləyib, xüsusilə muğam sənətini dərindən mənimsəyib.
“Üzeyir bəyin uşaqlıq illərində Cabbar Qaryağdıoğlunun ifasında eşitdiyi “Leyli və Məcnun” əsəri “Məcnun Leylinin məzarı üstündə” səhnəsi onun yaddaşında dərin iz buraxmışdı. O, bu musiqili səhnəni illərlə qəlbində yaşatdı və nəticədə onu opera şəklində səhnəyə gətirmək qərarına gəldi. Beləliklə, 1908-ci il yanvarın 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında “Leyli və Məcnun” operasının ilk tamaşası baş tutdu. Sonrakı illərdə Üzeyir Hacıbəyli yeni operalar yaratdı, eyni zamanda, operetta janrına müraciət etdi. O, gözəl yumor ustası idi. Buna görə də operettaları incə və zərif yumoru, yaddaqalan səhnələri ilə seçilirdi”, – deyə Sərdar Fərəcov bildirib.
Xalq artisti qeyd edib ki, Üzeyir Hacıbəyli Azərbaycanda opera və operetta sənətinin əsasını qoyub. Onun bu sahədə fəaliyyətə başladığı dövrdə ölkədə professional xor, opera solistləri və orkestr formalaşmamışdı. Buna baxmayaraq, bəstəkar ətrafına istedadlı həvəskar ifaçıları toplayaraq onları vahid məqsəd ətrafında birləşdirib və qısa müddətdə Azərbaycanda bir sıra opera və operettaların səhnəyə qoyulmasına nail olub.
“Üzeyir bəyin əsərləri qısa zamanda böyük şöhrət qazandı və Qafqazın müxtəlif şəhərlərində tamaşaya qoyuldu. Həmin dövrün mühüm mədəniyyət mərkəzlərindən biri olan Tbilisidə də onun əsərlərinə böyük maraq var idi. Çoxmillətli şəhər olan Tbilisidə müxtəlif xalqların teatr kollektivləri “Arşın mal alan”, “O olmasın, bu olsun” kimi əsərləri səhnələşdirirdilər. Bu əsərlər müxtəlif dillərə tərcümə edilərək geniş şöhrət qazandı. Beləliklə, Üzeyir Hacıbəyli artıq tanınmış bəstəkar kimi böyük nüfuz sahibi idi”, – deyə o vurğulayıb.
Üzeyir Hacıbəylinin maarifçilik fəaliyyətindən danışan Sərdar Fərəcov bildirib ki, dahi bəstəkarın əsas məqsədlərindən biri Azərbaycanda musiqi təhsilinin inkişafına nail olmaq və professional musiqiçi kadrlar yetişdirmək idi. Bu istiqamətdə onun ən mühüm fəaliyyətlərindən biri ölkədə professional musiqi təhsilinin əsaslarının yaradılmasına və konservatoriyanın formalaşmasına verdiyi töhfə olub.
“İlk illərdə konservatoriyada azərbaycanlı tələbələrin sayı az idi. Üzeyir bəy bununla barışmır, gənclərin musiqi təhsilinə cəlb olunması üçün böyük səy göstərirdi. Nəticədə tədricən Azərbaycanın yeni musiqiçi nəsli formalaşmağa başladı. Onların bir qismi opera və musiqili teatrda, digərləri simfonik orkestrdə fəaliyyət göstərir, bəziləri isə pedaqoji işlə məşğul olurdu. Üzeyir bəy, həmçinin xor sənətinin inkişafına böyük diqqət yetirirdi. Demək olar ki, bir insan böyük bir ordunun görə biləcəyi işi həyata keçirdi. Onun əsasını qoyduğu hər bir istiqamət sonradan inkişaf edərək böyük perspektiv qazandı. Buna görə də Üzeyir Hacıbəylinin yaradıcılığından danışarkən onun möhtəşəm əsərləri ilə yanaşı, musiqi maarifi və təhsili sahəsində həyata keçirdiyi quruculuq işlərini də xüsusi qeyd etməliyik”, – deyə bəstəkar söyləyib.
Sərdar Fərəcovun sözlərinə görə, Üzeyir Hacıbəylinin yetişdirdiyi musiqiçilər sonrakı illərdə Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayıblar. Onun tələbələrindən biri olan Səid Rüstəmov xalq çalğı alətləri orkestrinə rəhbərlik edib, həmçinin tarın tədrisi sahəsində mühüm işlər görüb.
“Üzeyir bəy milli musiqi alətlərini yalnız qoruyub təbliğ etməklə kifayətlənmirdi, onların professional musiqi təhsili sisteminə daxil edilməsinə çalışırdı. Tar, kamança və digər milli alətlərin sistemli tədrisinin əsaslarının formalaşmasına böyük töhfə verdi. Onun tələbələri də müəllimlərinin başladığı işi davam etdirərək milli musiqi alətləri üzrə tədris vəsaitlərinin hazırlanmasında mühüm işlər görüblər. Bu proses sonrakı dövrlərdə də davam etdi. Üzeyir Hacıbəyli Azərbaycan muğamının elmi-nəzəri əsaslarının öyrənilməsi və sistemləşdirilməsində müstəsna xidmətlər göstərdi”, – deyə Xalq artisti əlavə edib.
Müxbir – Günel Alıyeva