Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər
Bakı, 24 sentyabr, AZƏRTAC
Bu, mənim Azərbaycana ilk gəlişimdir və Bakıdakı təşkilatçılığı həqiqətən çox bəyəndim. Burada, Formula 1 yarışında olmaqdan çox xoşbəxtik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gələn türkiyəli turist Furkan Özcan deyib.
O bildirib ki, bu, onun Formula 1 yarışında ilk iştirakıdır: “Əslində əvvəl Formula 1-ə böyük marağımız yox idi. Bir yaxınımızın tövsiyəsi və dəvəti əsasında gəldik, çox bəyəndik”.
Furkan Özcan podiumda Maks Ferstappen və Serxio Peresi görmək istədiyini söyləyib: “Mən özüm Belçikada yaşadığım üçün Maks Ferstappeni görmək istərdim. Eyni zamanda, hazırda dəstəklədiyim “Red Bull” pilotu Serxio Peresi də görmək maraqlı olardı”.
Furkan Özcanın həyat yoldaşı Aylin Özen də Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndirib: “Qran-Priyə ilk dəfə gəlirik. Çox gözəl təşkil edilib, xoşumuza gəldi”.
Aylin Özen sevdiyi komandanın “Ferrari”, pilotun isə Şarl Lekler olduğunu bildirib.
Bakı haqqında da fikirlərini bölüşən türkiyəli turist şəhərin çox gözəl olduğunu vurğulayıb: “Bakıya ilk dəfə gəlmirəm. Bacım burada yaşadığı üçün üçüncü gəlişimdir. Bakını sevirəm. Bəxtimizdən hava da gözəldir. Hər anın dadını çıxarırıq”.
Qeyd edək ki, bu gün start götürən Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.
Müxbir - Cavid Əliyev