FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub
Bakı, 24 sentyabr, AZƏRTAC
Kənd təsərrüfatında toxum növlərinin son illərdə iqlim dəyişikliklərinin təsirindən və digər antropogen səbəblərdən azalır. Aparılan araşdırmalar göstərir ki, dünyada 75 faiz toxum növü yox olub. Dünyada mövcud olan bitki növündən - 250 min bitki növündən 30 mini istehlak edilə bilir və bunlardan cəmi 30 növü bütün dünyanı qidalandırmaqdadır. Bunlardan yalnız dördü - buğda, darı, düyü, qarğıdalı qlobal istehlakın 60 faizini təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Rəhbərinin Proqram üzrə köməkçisi Bariz Mehdiyev "Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat" mövzusunda konfrans çərçivəsində "Toxumçuluğun inkişafı: cari vəziyyət və hədəflər" panelində deyib.
B.Mehdiyev qeyd edib ki, hazırda qlobal səviyyədə 60 milyard dollar və ondan artıq bazar qiyməti hesablanır, növbəti illərdə bu rəqəm artmağa davam edəcək.
“FAO kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi ilə bağlı hər hansı inkişafı proqramının, strategiyanın hazırlanmasında hökumətlərə yardım göstərir. Biz 80 il ərzində çox böyük bir təcrübə toplamışıq və hər hansı bir təşəbbüsü irəli sürən ölkələr bizim bu təcrübədən istifadə edir. Biz məlumat bazası, platforması rolunu oynayırıq. Bizim Azərbaycandakı ofis 2015-ci ildə yaranıb və bundan dərhal sonra hökuməti ilə tərəfdaşlıq proqramı imzalanıb. Bu çərçivədə 9 layihə icra edirik. Onun ikisi hazırda icradadır və hazırkı konfransın təşkil olunduğu layihə də bu FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsindədir. Əməkdaşlığımız çox uğurlu gedir və çox səmərəli nəticələr verir", - deyə o bildirib.