Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir
Qusar, 23 sentyabr, AZƏRTAC
Qusar rayonunda leysan və sel sularından zərər görən 4 fərdi yaşayış evinin yenidən tikintisinə başlanılıb.
Qusar Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yaranmış fəsadların və dəymiş ziyanın aradan qaldırılması məqsədilə Preziden İlham Əliyev tərəfindən imzalanmış sərəncamdan irəli gələn tədbirlərin icrası çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən Qusar rayonunun Aşağı Ləgər, Əniq və Quxuroba kəndlərində 4 fərdi yaşayış evi inşa olunur.
Aşağı Ləgər kəndində Əhmədov Fuad Əlişir oğluna və Şixbalayev Vilayət Məclum oğluna məxsus fərdi yaşayış evlərinin hər birinin bir mərtəbəli və 3 otaqlı inşa edilməsi nəzərdə tutulub.
Əniq kəndində İbrahimov Ruslan Zeydulla oğluna məxsus fərdi yaşayış evinin bir mərtəbəli, 4 otaqlı və zirzəmili, Quxuroba kəndində Misrixanova Zərbiyat Həsənfəndi qızına məxsus fərdi yaşayış evinin isə bir mərtəbəli və 3 otaqlı, zirzəmisiz inşa edilməsi nəzərdə tutulub.
Hazırda qeyd olunan yaşayış məntəqələrində tikinti işləri davam etdirilir.
Müxbir – Elxan Yusifli