Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi
Bakı, 24 sentyabr, AZƏRTAC
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb.
AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.
Gerqaç (Əyrivəng,Yuxarıvəng, Geğart) İrəvan xanlığının Gərnibasar mahalının dağlıq hissəsində (09.09.1939-cu ildən – Kotayk rayonu, 12.10.1961-ci ildən – Abovyan rayonu), Gərni şəhər xarabalıqlarından 8-9 km aralıda qədim alban türk-xristian məbədidir. Qayadan yonulmuş, daxili müsəlman-türk arxitektura elementləri ilə bəzədilmiş məbədin bünövrəsinin qoyulması Maarifçi Qriqorinin adı ilə bağlansa da, indiki görünüşü XIII yüzilin yadigarıdır.
Məbədin qərb qapısı üstündə yazılmışdır: “Bu əsrarəngiz icma kilsəsi çar nəslindən Zakarın, qardaşı İohanın və onların övladları Şahənşahın və rahib Avakın və baş kahin Parsaqın dövründə, qardaşların qayğısı ilə 663-cü ildə (miladi 1214-cü ildə – Ə.Ə.) ucaldılmışdır”.
Müxtəlif dövrlərdə məbəd Ayrıvəng, Əyrivəng, Yuxarıvəng, Geğart, Gerqaç adları ilə tanınmışdır ki, bunların hamısı türkcədir. Yerli danışıqda kəndin, məbədin və onların yerləşdiyi dərənin adı Görgəc kimi tələffüz olunurdu.
1828-ci ilə qədər Gerqaç kəndində ancaq Azərbaycan türkləri yaşamışlar. Bölgənin ruslar tərəfindən işğalından sonra kənd xarabalığa çevrilib. 1873-cü ilin statistikasında artıq Gerqaç kəndi yox, ancaq eyniadlı monastır qeydə alınıb. Monastırın həm də Geğart, Əyrivəng və Yuxarıvəng adlandırıldığı da həmin mənbədə göstərilib.
1873-cü ilin statistikasında monastırda cəmi 1 təsərrüfatda 3 nəfər gəlmə erməninin yaşadığının göstərilməsi də onun ermənilərə məxsus olmadığını təsdiq edir.
Toponimin etimoloji izahı ilə bağlı konkret fikir yoxdur. Lakin monastırın müxtəlif adları içində Gerqaç adının ilkin olması və İ.Şopenin 1832-ci ildə yazdığı kimi, bu adın ona “tatarlar” tərəfındən verilməsi bu toponimin məhz türk dilində məna açımını tələb edir. Gerqaç toponiminin Qarqar/Gərgər/Gerger etnonimi ilə bağlılığı isə göz qabağındadır. Bu məbəd də yalnız sovet dövründə erməni dini abidəsi kimi təqdim olunmağa başlanmışdır.