Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır
Bakı, 24 sentyabr, AZƏRTAC
“Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 24-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsi Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılması məqsədilə beynəlxalq təcrübə, xarici ölkələrin analoji qanunvericiliyi və ölkəmizin kapital bazarlarının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.
Qiymətli kağızlar bazarında sekyuritizasiya fəaliyyətinin tənzimlənməsi və bu mexanizmin tətbiqi bazar iştirakçıları üçün likvidliyin idarə edilməsi üzrə səmərəli alət olmaqla, likvid olmayan aktivlərin likvid qiymətli kağızlara çevrilməsinə, qiymətli kağızlar bazarında maliyyə alətlərinin çeşidinin genişləndirməsinə və investorlar üçün əlavə investisiya imkanlarının yaranmasına şərait yaradacaq.
Fotoqraf – Aydın Məmmədov