Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
Kiyev, 24 sentyabr, AZƏRTAC
Ukrayna-Rusiya müharibəsində atəşkəs üçün üç mümkün sahə müzakirə edilir. Bunlar enerji və dəniz atəşkəsi, eləcə də Amerika tərəfinin təklif etdiyi üçtərəfli danışıqlar formatıdır.
AZƏRTAC “Ukrinform”a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda jurnalistlərə bildirib.
Prezidentin sözlərinə görə, birinci mümkün sahə enerji atəşkəsidir.
“Biz enerji infrastrukturuna zərbə vurmamağa hazırıq. İkinci sahə, xüsusən də taxıl ixracı üçün dəniz atəşkəsidir. Çünki dəniz atəşkəsi təkcə taxılı deyil, təkcə kənd təsərrüfatı məhsullarını deyil, həm də enerji, metallurgiya və s. əhatə edə bilər. Üçüncü yol ABŞ tərəfindən təklif olunan üçtərəfli danışıqlar formatıdır. Lakin üçtərəfli görüşlə bağlı hələ ki, Putinin buna olan istəyini görmürük”, - deyə Zelenski bildirib.
Prezidentin sözlərinə görə, belə bir formata yalnız müharibə tərəfləri və ABŞ deyil, həm də Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan da daxil olmaqla digər ölkələr maraqlıdır.
Zelenski əlavə edib ki, texniki səviyyəli görüşlərin mümkünlüyü müzakirə olunur: “Texniki olaraq qruplarımızın üçtərəfli formatda görüşə, razılaşmalara nail ola və liderlərin görüşü üçün zəmin yarada biləcəyini müzakirə edirik. Ukrayna Rusiyaya təzyiqi artırmalı, xüsusən də sanksiyalar vasitəsilə öz müdafiə qabiliyyətini gücləndirməlidir. Rusiya hər hansı bir formatda danışıqlardan imtina edərsə, ABŞ-nin və Prezident Trampın sanksiyaları sərtləşdirməsi üçün əlimizdən gələni edəcəyik”.