Dövlət Proqramının əsas mahiyyəti regionlarda yeni sənaye mərkəzləri yaratmaqdır- ŞƏRH
Bakı, 24 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 22-də keçirilmiş müşavirədə 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının əsas istiqamətləri təqdim olundu. Qarşıya qoyulan hədəflər göstərir ki, söhbət yalnız yeni yataqların istismarından deyil, Azərbaycanın iqtisadiyyatında yeni və müasir sənaye istiqamətinin formalaşdırılmasından gedir. Prezident də bu sahənin xüsusilə qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıdığını vurğuladı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.
O bildirib ki, Proqramın əsas ideyalarından biri ölkənin mineral ehtiyatlarının yalnız xammal şəklində ixrac edilməməsi, onların mümkün qədər Azərbaycanda emal olunaraq daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsidir. Bu yanaşma dağ-mədən sənayesini metallurgiya, energetika, logistika və digər istehsal sahələri ilə birləşdirən yeni dəyər zəncirinin yaradılması deməkdir. Hədəflərin miqyası da bunu göstərir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur.
“Xüsusi diqqət çəkən məsələlərdən biri Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağının inkişaf perspektividir. Prezident İlham Əliyev “Filizçay”ı Avropa qitəsinin ən perspektivli yataqlarından biri kimi qeyd edərək texniki-iqtisadi əsaslandırmanın tezliklə tamamlanmasının və yekun investisiya qərarının qəbulunun vacibliyini bildirdi. Təqdim olunan hesablamalara əsasən, “Filizçay” yatağının 34 illik istismarı dövründə 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşunun hasilata cəlb edilməsi nəzərdə tutulur. Layihənin iqtisadi dəyəri 29,7 milyard manat, tələb olunan investisiya isə təxminən 1 milyard manat qiymətləndirilir. Yatağın tam gücü ilə istismara verilməsi 2031-ci ilin sonuna planlaşdırılır”,-deyə A.Kərimli vurğulayıb.
Deputat əlavə edib ki, “Filizçay”ın reallaşdırılması təkcə böyük bir mədən layihəsinin həyata keçirilməsi demək olmayacaq. Bu layihə Balakən və bütövlükdə Şimal-Qərb bölgəsində yeni iş yerlərinin, xidmət və istehsal sahələrinin yaranmasına, yerli iqtisadi fəallığın artmasına və müasir sənaye infrastrukturunun formalaşmasına təsir göstərəcək. Bu baxımdan, layihənin regional inkişaf proqramları ilə əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bütövlükdə yeni Dövlət Proqramının əsas mahiyyəti Azərbaycanın təbii sərvətlərini daha səmərəli iqtisadi dəyərə çevirmək, qeyri-neft ixracını genişləndirmək və regionlarda yeni sənaye mərkəzləri yaratmaqdır. Prezidentin qeyd etdiyi kimi, proqram çərçivəsində beş mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Qarşıdakı mərhələdə əsas məsələ müəyyən olunmuş hədəflərin konkret layihələrə, yeni müəssisələrə və regionlarda dayanıqlı məşğulluğa çevrilməsidir.