ATƏT-in Minsk qrupunun missiyasını başa vurması regionun siyasi tarixində ayrıca səhifədir - ŞƏRH
Bakı, 24 sentyabr, AZƏRTAC
Cənubi Qafqazın son otuzillik tarixi bir həqiqəti bütün aydınlığı ilə ortaya qoydu: beynəlxalq hüququn kağız üzərində tanınması ilə onun real həyatda təmin edilməsi arasında bəzən uzun və ağrılı məsafə yaranır. Azərbaycan-Ermənistan münaqişəsi həmin məsafənin ən ağır nümunələrindən biri oldu. 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi qüvvələrinin Azərbaycan ərazilərində genişmiqyaslı hərbi əməliyyatları nəticəsində ölkəmizin ərazisinin mühüm hissəsi işğal edildi, yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü, şəhər və kəndlər dağıdıldı, Azərbaycanın tarixi-mədəni irsinə və təbii sərvətlərinə ciddi ziyan vuruldu. Azərbaycan həmin illərdən etibarən beynəlxalq hüququn əsas prinsiplərinə, dövlətlərin ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına istinad edərək münaqişənin sülh yolu ilə həllinə çalışdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində işğal olunmuş Azərbaycan ərazilərindən qüvvələrin çıxarılması ilə bağlı tələblər əksini tapmışdı. Lakin qətnamələrin mövcudluğu ilə onların icrası arasında yaranan boşluq münaqişənin ən mühüm problemlərindən biri oldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Sənədlərlə iş və Arxiv şöbəsinin müdiri Kəramət Qənbərov söyləyib.
O bildirib ki, ATƏT-in Minsk prosesi 1992-ci ildən etibarən münaqişənin danışıqlar yolu ilə həlli üçün əsas beynəlxalq mexanizmlərdən biri idi. 1994-cü il Budapeşt Sammitindən sonra formalaşdırılan Minsk qrupu uzun illər Azərbaycan və Ermənistan arasında danışıqların əsas platformalarından biri kimi fəaliyyət göstərdi. Lakin üç onillik ərzində status-kvo dəyişmədi. Bu faktın özü ciddi siyasi suallar doğururdu. Ərazi bütövlüyünün bərpasını nəzərdə tutan beynəlxalq sənədlər mövcud olduğu halda işğalın faktiki nəticələri uzun müddət dəyişməz qaldı. Azərbaycan cəmiyyətində Minsk prosesinin nəticəsizliyinə dair tənqidlərin əsasını da məhz bu reallıq təşkil edirdi. Beləliklə, sülh prosesi tədricən məqsəddən çox prosesə çevrilmək təhlükəsi ilə üzləşdi. Danışıqlar davam edirdi, görüşlər keçirilirdi, bəyanatlar səslənirdi, lakin Azərbaycan ərazilərində işğal faktı dəyişmirdi.
“2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə mühüm siyasi hadisə baş verdi. Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsinin razılaşdırılmış mətnini parafladılar. Eyni zamanda, ATƏT-in Minsk prosesi və onunla bağlı strukturlarının bağlanması barədə birgə müraciət imzalandı. Vaşinqton Birgə Bəyannaməsində iki ölkənin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında kommunikasiyaların açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin edilməsi istiqamətində fəaliyyətin davam etdirilməsi də təsbit olundu. Bu sənədin ən mühüm siyasi məqamlarından biri keçmiş münaqişənin gələcək münasibətlər üçün hüquqi-siyasi çərçivəyə çevrilməməsi prinsipidir. Daha bir mühüm hadisə isə Minsk prosesinin artıq tarixə çevrilməsidir. ATƏT 2025-ci il noyabrın 30-da Minsk prosesi və onunla bağlı strukturların bağlanmasını tamamladı. Otuz ildən artıq davam edən bir mexanizmin öz missiyasını başa vurması regionun siyasi tarixində ayrıca səhifədir”, - deyə K.Qənbərov əlavə edib.