Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Toxum nəzarəti onun əkildiyi yerdə olmalıdır və bu yer izlənilməlidir. Bu məqsədlə artıq üçüncü ildir ki, bütün toxum əkilmiş sahələr xəritələşdirilir və bəyan məlumatları həmin xəritələrin üzərindən inteqrasiya olunur. Bu çox vacib nəzarət tədbirlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət toxum nəzarəti və qeydiyyatı şöbəsinin müdiri Fikrət Feyziyev "Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat" adlı konfrans çərçivəsində keçirilən "Toxumçuluğun inkişafı: Cari vəziyyət və hədəflər" adlı panel müzakirədə çıxış edərkən deyib.
"Rəqəmsallaşma istiqaməti dövlət toxum nəzarətində əsas prioritet istiqamətlərdən biridir. Biz keçənilki konfransda da bunu müzakirə eləmişdik və bildirilmişdi ki, növbəti ildən artıq mobil tətbiq üzərindən aprobasiya işləri həyata keçiriləcək. Bu il ilk dəfə olaraq mobil tətbiq üzərindən aprobasiya prosesləri aparıldı və bütün məlumatlar mobil tətbiq üzərindən bəyandan inteqrasiya edildi. İl ərzində 1800, aprobasiya müddətində 1877 elektron akt tərtib edildi. Aprobasiya prosesinin vacibliyi nəzərə alınaraq, cari ildə 69 nəfər aprobator prosesə cəlb edildi. Toxumun sortluq keyfiyyətini müəyyənləşdirmək üçün vacib mərhələ aprobasiya prosesidir və həmin aprobasiya prosesində sağlam toxumlar növbəti mərhələyə getməlidir. Nəzarət operativləşib, toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb", - deyə şöbə müdiri vurğulayıb.
Fotoqraf - Səfiyar Məcnun