Ekspert: Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının növbəti mərhələsinə keçidi təmin edəcək
Bakı, 24 sentyabr AZƏRTAC
Azərbaycanın zəngin təbii ehtiyatları onun iqtisadi inkişafının təməlini təşkil edən başlıca amildir. Neft və qaz sənayesi ilə yanaşı, ölkənin iqtisadi inkişafını artırmaq üçün dağ-mədən sənayesinin inkişafı da zəruridir. Prezident İlham Əliyevin Sərəncam ilə təsdiq olunan “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı” təsadüfi xarakter daşımır. Müasir dünyanın iqtisadi inkişaf trendi nəzərə alınaraq bu Dövlət Proqramının qəbul edilməsi heç də metal və digər faydalı qazıntıları istismar edib xaricə satmaqdan ibarət deyil. Söhbət iri müəssisələrin qurulmasından, yeni istehsal sahələrinin yaradılmandan, ölkəyə xarici sərmayə cəlb edilməsindən, dünya bazarına ixracın həcminin artırılmasından gedir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında kənd təsərrüfatı elmləri namizədi, iqtisadçı ekspert Bəhruz Bayramov deyib.
O bildirib ki, Daşkəsən dəmir, filiz, Gədəbəy mis, qızıl, Ordubad molibden və digər rayonlardakı yataqlar Azərbaycanın dünya bazarına çıxışını təmin edir. Bu metallara dünya bazarında böyük ehtiyac var. Bu gün texnologiyanın inkişafı alunit və polimetal hesab edilən qurğuşun, sink kimi metallara ehtiyac yaradıb. Avtomobil, təyyarə, gəmi, hərbi texnika, pilotsuz uçuş aparatı (PUA) istehsalında istifadə olunan bu metalları Azərbaycan dünya bazarına ixrac etmək potensialına malikdir”.
Ekspert deyib ki, Gəncə yaxınlığında Zəylik alunit yatağı, Balakəndə Filizçayda qurğuşun və sink yataqlarının istismarı Azərbaycanın dünya bazarında böyük pay ala biləcəyinə imkan verir: “İşğaldan azad olunan Kəlbəcərdə xromit filizi, Laçın rayonu ərazisində isə İpək qrupu xromit filizi təzahürləri aşkar olunub. Artıq Qarabağ işğaldan azad olunub və burada geniş abadlıq və quruculuq işləri aparılır. Dövlət Proqramına əsasən qeyd olunan yataqların işlənməsi də baş tutacaq ki, bu da Qarabağa xarici sərmayə yatırımına, sosial-iqtisadi inkişafa, yeni iş yerlərinin açılmasına şarit yaradacaq. “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı” ölkənin sosial-iqtisadi inkişafının növbəti mərhələsinə keçidi təmin edəcək”.