Azərbaycanın sosial müdafiə sahəsində rəqəmsal transformasiya təcrübəsi təqdim olunub
Bakı, 24 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) nümayəndə heyəti İngiltərənin “IESE – The Public Sector Transformation Partner” təşkilatının keçirdiyi “IESE Conference 2026” beynəlxalq konfransında iştirak ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransın “Digital and Data” sessiyasında DOST RİM tərəfindən Azərbaycanın sosial müdafiə sahəsində rəqəmsal transformasiya təcrübəsi təqdim olunub.
Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi, sosial sahədə qurumlararası məlumat mübadiləsi, “mygov” portalı və digər həllər vasitəsilə məlumatların inteqrasiyası və xidmətlərin rəqəmsallaşdırılması üzrə görülən işlərdən bəhs edilib.
Təqdimat zamanı sosial müdafiə sahəsində müxtəlif informasiya sistemlərində qarşılıqlı əlaqənin qurulması, məlumatların vahid mərkəzdən idarəolunması və bu imkanların vətəndaşlara göstərilən xidmətlərin inkişafına təsiri diqqətə çatdırılıb.
“IESE Conference 2026” dövlət sektorunda transformasiya, innovasiya və qabaqcıl təcrübələrin paylaşılması məqsədilə müxtəlif ölkələrdən rəhbərləri və mütəxəssisləri bir araya gətirib. Konfrans çərçivəsində dövlət xidmətlərinin inkişafında texnologiyaların tətbiqi, süni intellekt və məlumat əsaslı yanaşmalar, eləcə də real transformasiya nümunələri müzakirə olunub.