Qarabağ Zəfəri Azərbaycanın dövlət suverenliyinin praktiki məzmununu gücləndirdi - ŞƏRH
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycanın Qarabağ Zəfərini yalnız 44 günlük müharibənin nəticəsi kimi qiymətləndirmək tarixi prosesin mahiyyətini tam əks etdirmir. Bu Zəfər uzun illər ərzində məqsədyönlü şəkildə həyata keçirilən dövlət strategiyasının məntiqi və tarixi nəticəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin aydın və konkret şəkildə ifadə etdiyi kimi, iqtisadi güc və ordu quruculuğu bu strategiyanın mühüm dayaqları idi. Həmçinin bu siyasətin mühüm nəticəsi ondan ibarətdir ki, Azərbaycan diplomatiya ilə hərbi gücü bir-birinə alternativ deyil, bir-birini tamamlayan vasitələr kimi formalaşdırdı. Danışıqlar davam etdirilir, eyni zamanda, işğal dövründə yaradılmış status-kvonun əbədi xarakter daşımasına imkan verilmirdi. Beləliklə, Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini yalnız diplomatik bəyanatlarla deyil, onu müdafiə etmək imkanına malik dövlət gücü ilə dəstəklədi. Prezident İlham Əliyevin müharibə dövründəki çıxışlarında da 30 illik danışıqlar prosesinin nəticəsizliyi xüsusi vurğulanırdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu strategiyanın həlledici mərhələsi oldu. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi hərbi yolla bərpa edildi və 2020-ci il 10 noyabr üçtərəfli Bəyanat ilə Ağdam, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması təmin olundu. Ancaq Zəfərin tam siyasi nəticəyə çevrilməsi üçün yalnız ərazilərin azad edilməsi kifayət deyildi. Qarabağda qalan qanunsuz silahlı birləşmələrin və separatçı strukturların mövcudluğu Azərbaycanın dövlət suverenliyinin tam təmin olunmasına maneə olaraq qalırdı. 2023-cü ilin sentyabrında keçirilən 23 saatlıq lokal xarakterli antiterror tədbirləri ilə bu mərhələ də başa çatdı və Azərbaycan öz suverenliyini bütün ərazisində təmin etdi. Bununla Qarabağ məsələsinin əvvəlki hərbi-siyasi gündəmi mahiyyət etibarilə arxada qaldı.
Qarşıda indi daha mürəkkəb və uzunmüddətli vəzifə dayanır
“Qarabağda ölkəmizin suverenliyinin təmin edilməsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin əsas istiqaməti isə iki dövlət arasında sülhün, dövlətlərarası münasibətlərin və regional əməkdaşlığın formalaşdırılmasına yönəldi. Bu transformasiyanın diplomatik müstəvidə mühüm ifadələrindən biri 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş mətninin paraflanması oldu. Eyni zamanda, tərəflərin ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı birgə müraciəti əvvəlki münaqişə vasitəçiliyi mexanizminin artıq yeni reallıqla uzlaşmadığını göstərən mühüm siyasi hadisə idi”,-deyə A.Qurbanova vurğulayıb.
Zəfərin strateji əhəmiyyətindən danışan politoloq əlavə edib: “Azərbaycanın qarşısında indi daha mürəkkəb və uzunmüddətli vəzifə dayanır. Beləliklə, hərbi qələbə dayanıqlı sülhə, ərazi bütövlüyünün bərpası isə sosial-iqtisadi dirçəlişə çevrilir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, minalardan təmizləmə, yeni infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı bu mərhələnin əsas istiqamətləridir. “Böyük Qayıdış” bu baxımdan, sadəcə, sosial layihə deyil, Zəfərin uzunmüddətli nəticələrinin möhkəmləndirilməsinə xidmət edən dövlət siyasətidir. Onu da qeyd etmək lazımdır ki, Qarabağ Zəfərinin əsas siyasi nəticəsi təkcə torpaqların azad edilməsi deyil. Daha fundamental nəticə ondan ibarətdir ki, Azərbaycan uzun illər ərzində formalaşdırdığı dövlətçilik modelinin, yəni iqtisadi güc, hərbi hazırlıq, diplomatik fəallıq, milli həmrəylik və ardıcıl siyasi iradənin real nəticəsini ortaya qoydu. Zəfər Azərbaycanın dövlət suverenliyinin praktiki məzmununu gücləndirdi və regionda yeni siyasi reallığın əsasını yaratdı. Bu gün qarşıda dayanan məqsəd Zəfərin nəticələrini qorumaq və onu davamlı sülh, təhlükəsizlik, regional bağlantılar, iqtisadi inkişaf və Böyük Qayıdışla möhkəmləndirməkdir. Prezident İlham Əliyevin siyasətinin mahiyyəti də məhz bu ardıcıllıqda özünü göstərir. Belə ki, əvvəlcə dövlətin gücü artırıldı, sonra ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi, indi isə əldə edilmiş tarixi nəticələr dayanıqlı sülh və inkişaf modelinə çevrilir”.