İqtisadçı-alim: Aqrar sahənin inkişafı regionlarda infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlıdır
Bakı, 24 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 22-də dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə dövlətimizin başçısı, eyni zamanda, regionların gələcək inkişafı ilə bağlı daha geniş iqtisadi məsələlərə diqqət çəkib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun icraçı direktoru dosent Famil Rüstəmov söyləyib.
Müsahibimiz deyib: “Dövlətimizin başçısı müşavirədə yeni proqramın regionların sosial-iqtisadi inkişafı gündəliyinin tərkib hissəsi olduğunu vurğulayıb. Regionlarda əsas infrastruktur layihələrinin həyata keçirildiyini, bu işlərin əhali, məşğulluq və iqtisadiyyat artdıqca davam etdirilməsinin zəruriliyini qeyd edib. Aqrar iqtisadçı kimi mənim üçün burada mühüm məqamlardan biri kənd təsərrüfatının regional inkişafın ümumi sistemində nəzərdən keçirilməsidir. Kənd təsərrüfatı əsasən regionlarda formalaşır. Fermerin fəaliyyəti həmin ərazidə yolun, enerjinin, suyun, logistikanın, saxlama və bazara çıxış imkanlarının vəziyyətindən asılıdır. Regionun infrastrukturu inkişaf etdikcə aqrar istehsalın imkanları da genişlənir”.
Dosent Famil Rüstəmov qeyd edib ki, Prezidentin son dövrdə qəbul edilmiş dövlət proqramları sırasında kənd təsərrüfatı, nəqliyyat və su təsərrüfatını üç əsas istiqamət kimi ayrıca qeyd etməsi xüsusilə əhəmiyyətlidir. Dövlətimizin başçısı bu proqramların böyük maliyyə vəsaiti tələb etdiyini və ölkə iqtisadiyyatının güclənməsinə, müasir infrastrukturun inkişafına xidmət etdiyini bildirib. Su təsərrüfatı üzrə meliorasiya məsələləri də ayrıca vurğulanıb.
F.Rüstəmovun sözlərinə görə, bu məqam aqrar sahə üçün birbaşa əhəmiyyət daşıyır: “Su təminatı kənd təsərrüfatının əsas məsələlərindən biridir. Suvarma və meliorasiya imkanlarının yaxşılaşdırılması istehsalın dayanıqlığına, torpaqdan daha səmərəli istifadəyə və məhsuldarlığın yüksəldilməsinə təsir göstərir. Burada kənd təsərrüfatı, su və infrastruktur siyasətinin bir-birini tamamladığını görürük”.
İqtisadçı-alim qeyd edib ki, regionların inkişafında sahələrarası əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Kənd təsərrüfatı, emal sənayesi, digər sənaye sahələri, logistika və xidmətlər eyni regional iqtisadi sistem daxilində inkişaf etdikdə daha böyük iqtisadi nəticə yaranır.
“Prezidentin 22 sentyabr müşavirəsində səsləndirdiyi fikirlərin aqrar sahə üçün mühüm tərəflərindən biri də budur. Regionlarda iqtisadi fəaliyyət genişləndikcə fermerin bazarı da genişlənir. Emal imkanları artır, yeni iş yerləri yaranır, infrastruktur yaxşılaşır. Bu proses kənd təsərrüfatının inkişafına, kənd əhalisinin gəlirlərinə və bütövlükdə regionların iqtisadi imkanlarının güclənməsinə xidmət edir”, – deyə Famil Rüstəmov bildirib.
Müxbir - Tünzalə Arazlı