Famil Rüstəmov: Regionlarda məşğulluğun genişlənməsi aqrar iqtisadiyyatın dayanıqlığını artırır
Bakı, 24 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə dövlətimizin başçısının sənaye parkları və aqroparklarla bağlı səsləndirdiyi fikirlər regionların inkişafı baxımından əhəmiyyətlidir. Prezident sənaye parklarının və aqroparkların fəaliyyəti nəticəsində milyardlarla manat əlavə dəyər yaradıldığını və ixrac potensialının gücləndiyini bildirib. Eyni zamanda, dağ-mədən sənayesində hasilatdan son məhsula qədər tam istehsal və emal zəncirinin yaradılmasının vacibliyini vurğulayıb.
Bu barədə AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun icraçı direktoru dosent Famil Rüstəmov söyləyib.
İqtisadçının sözlərinə görə, bu iqtisadi məntiq aqrar sahə üçün də aktualdır: “Kənd təsərrüfatında məsələ yalnız məhsul istehsalı ilə bitmir. Emal imkanları genişləndikcə məhsulun saxlanması, bazara çıxarılması və daha yüksək əlavə dəyər yaratması üçün yeni imkanlar yaranır. Emal müəssisələri yerli xammala tələbat formalaşdırır, fermer üçün yeni alıcılar və satış kanalları yaradır. Alıcıların sayının artması bazarda rəqabət imkanlarını da genişləndirir. Bu, fermerin məhsulunu daha əlverişli şərtlərlə satmaq imkanını artırır, məhsul itkilərinin azalmasına və yaradılan əlavə dəyərin daha böyük hissəsinin regionda qalmasına şərait yaradır”.
Müsahibimiz qeyd edib ki, bu istiqamət “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda da xüsusi yer tutur. Dövlət Proqramında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması, yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi əsas məqsədlər sırasında müəyyən edilib.
İnstitutun icraçı direktoru məşğulluq məsələsinin də Prezidentin çıxışında xüsusi yer tutduğunu söyləyib: “Dövlətimizin başçısı yeni sənaye istiqamətinin beş mindən çox daimi iş yeri yaradacağını, Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun artmasına əlavə təkan verəcəyini bildirib.
Regionlarda məşğulluğun çoxşaxəli olması kənd yerləri üçün xüsusilə vacibdir. Ailənin bütün üzvlərinin yalnız kənd təsərrüfatından gəlir əldə etməsi zəruri deyil. Ailənin bir üzvü kənd təsərrüfatında çalışa bilər, digərləri isə iqtisadiyyatın başqa sahələrində, o cümlədən emal müəssisəsində, sənayedə, nəqliyyatda və ya xidmət sahəsində işləyə bilər. Bu, ailənin gəlir mənbələrini genişləndirir və kənd yerlərində iqtisadi dayanıqlığı artırır”.
Müsahibimiz xatırladıb ki, Prezident İlham Əliyev may ayında kənd təsərrüfatına həsr olunmuş müşavirədə kəndlə şəhər arasındakı fərqlərin azaldılmasının vacibliyini vurğulayıb, bölgələrdə insanların yaşaması və çalışması üçün şərait yaradılmalı olduğunu bildirib. Dövlətimizin başçısı şəhərlərdən kəndlərə qayıdış prosesinin başlanmasının vacibliyini də qeyd edib.
“Regiona yeni investisiya gəlirsə, yeni müəssisələr yaranırsa, yol, enerji, su və digər infrastruktur yaxşılaşırsa, məşğulluq imkanları genişlənir. Bütün bunlar insanların regionlarda yaşaması üçün iqtisadi bazanı gücləndirir. Kənd təsərrüfatı da bu mühitdə daha dayanıqlı inkişaf edir”, - deyə Famil Rüstəmov fikrini yekunlaşdırıb.
Müxbir - Tünzalə Arazlı