Azərbaycanın enerji strategiyası: geosiyasi reallıqlar və yeni enerji düşüncəsi
Bakı, 24 sentyabr, AZƏRTAC
Müasir dünyanın enerji mənzərəsi sürətlə dəyişir. Enerji artıq yalnız iqtisadiyyatın işləməsi üçün zəruri olan resurs deyil, o, dövlətlərin geosiyasi mövqeyinə, iqtisadi dayanıqlılığına, regional əməkdaşlıq imkanlarına və müəyyən mənada suverenlik potensialına təsir göstərən mühüm strateji amilə çevrilib. Azərbaycanın enerji strategiyası yalnız mövcud resurslardan istifadə etməklə məhdudlaşmır, eyni zamanda, dəyişən dünya enerji sistemində yeni imkanların axtarışını və ənənəvi enerji ilə bərpaolunan enerji arasında gələcəyə hesablanmış münasibətin formalaşdırılmasını nəzərdə tutur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə söyləyib.
Professor bildirib ki, Azərbaycanın enerji siyasətində diqqəti cəlb edən məsələlərdən biri bərpaolunan və ənənəvi enerji mənbələrinin qarşı-qarşıya qoyulmamasıdır. Əksinə, onların müəyyən tarixi mərhələdə bir-birini tamamlayan imkanlar kimi nəzərdən keçirilməsi daha real yanaşmadır. Ənənəvi enerji resursları Azərbaycanın iqtisadi və geosiyasi inkişafında mühüm rol oynayıb. İndi isə həmin potensialın yaratdığı imkanlarla yaşıl enerjinin yeni perspektivlərini əlaqələndirmək qarşıda duran əsas məsələlərdən birinə çevrilir. Bu prosesə fəlsəfi baxımdan yanaşdıqda burada müəyyən dialektik məntiq görmək mümkündür. Yeni köhnəni tamamilə inkar etməklə deyil, onun imkanlarını yeni şəraitdə yenidən mənalandırmaqla meydana çıxır. Enerji keçidi də bu baxımdan sadəcə bir enerji mənbəyinin digəri ilə əvəzlənməsi deyil. Burada söhbət enerji təhlükəsizliyinin qorunması, iqtisadi inkişafın davamlılığının təmin edilməsi və yeni texnologiyaların yaratdığı imkanların sistemli şəkildə tətbiqindən gedir.
İlham Məmmədzadə qeyd edib ki, Azərbaycanın geosiyasi mövqeyi isə bu məsələyə daha geniş baxmağa imkan verir. Ölkə Cənubi Qafqaz, Xəzər hövzəsi, Mərkəzi Asiya və daha geniş Avrasiya məkanı arasında əlaqələrin formalaşdığı mühüm bir coğrafiyada yerləşir. Bu baxımdan enerji resursları yalnız ixrac olunan məhsul deyil, həm də regional əməkdaşlığın, iqtisadi əlaqələrin və kommunikasiya imkanlarının inkişafına təsir edən vasitə kimi çıxış edə bilər.
Orta gücə malik dövlətlər üçün geosiyasi imkanların əhəmiyyəti də məhz burada özünü göstərir. Belə dövlətlərin potensialı yalnız ərazi və resurslarla müəyyənləşmir. İqtisadi imkanların, enerji potensialının, diplomatik münasibətlərin, nəqliyyat-kommunikasiya əlaqələrinin və elmi-intellektual resursların vahid strategiya daxilində uzlaşdırılması dövlətin regional proseslərdə iştirak imkanlarını genişləndirə bilər. Azərbaycanın enerji siyasətinə bu kontekstdən yanaşdıqda onun yalnız enerji bazarındakı mövqeyi deyil, daha geniş regional proseslərdəki rolu da diqqət çəkir. Məhz buna görə Azərbaycanın enerji strategiyasının fəlsəfi və sosioloji aspektlərinin araşdırılması təsadüfi məsələ deyil.
Direktor qeyd edib ki, Fəlsəfə və Sosiologiya İnstitutunun “Cənubi Qafqazın yeni geosiyasi reallıqları və Azərbaycanın regional enerji strategiyası” mövzusunda keçirdiyi beynəlxalq konfrans diqqətəlayiq elmi platforma kimi qiymətləndirilə bilər: “Konfransda Azərbaycanla yanaşı, Türkiyə və Pakistandan tanınmış alim və mütəxəssislərin onlayn və əyani formatda iştirakı mövzunun beynəlxalq elmi müzakirə müstəvisinə çıxarılmasına imkan verib. Konfransın diqqətçəkən cəhətlərindən biri də məsələyə müxtəlif elmi istiqamətlərin mövqeyindən yanaşılması olub. Politoloqlar və enerji sahəsi üzrə mütəxəssislərlə yanaşı, filosofların, sosioloqların və siyasət sahəsində çalışan tədqiqatçıların müzakirələrə qoşulması enerji məsələsinin çoxşaxəli xarakterini bir daha göstərib. Belə elmi dialoq enerji strategiyasının yalnız praktiki və texniki tərəflərini deyil, onun arxasında dayanan ideyaları, sosial nəticələri və geosiyasi məzmunu da müzakirə etməyə imkan yaradıb. Panel müzakirələrində Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar, enerji təhlükəsizliyi, regional əməkdaşlıq, ənənəvi və bərpaolunan enerji mənbələrinin perspektivləri ilə yanaşı, bu proseslərin fəlsəfi və sosioloji əsasları da diqqət mərkəzində olub. Xüsusilə gənc alimlərin diskussiyaları mövzunun yeni elmi yanaşmalar əsasında davam etdirilməsi baxımından əhəmiyyətli olub. Burada əsas məsələ yalnız mövcud prosesləri izah etmək deyil, həm də gələcək enerji və geosiyasi reallıqların hansı istiqamətdə inkişaf edə biləcəyinə dair elmi sualların ortaya qoyulmasıdır”.