Səyyarə İbadullayeva: İşğal dövründə Qarabağın meşə və bitki örtüyünə ciddi ziyan vurulub
Bakı, 24 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyev sentyabrın 22-də dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə çıxışı zamanı işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondunun Ermənistan dövləti tərəfindən məhv edildiyini, talan edildiyini, kəsilərək satıldığını bildirib. Prezident xatırladıb ki, İkinci Qarabağ müharibəsindən sonra, erməni silahlı qüvvələrinin Kəlbəcər və Laçın rayonlarından çıxması üçün verilən iki-üç həftəlik müddətdə də ağacların məhv edilməsi davam etdirilib.
Botaniki-coğrafi bölgüyə əsasən, Kiçik Qafqazın mərkəzi, yəni Qarabağın dağlıq hissəsində 1316 növ, Kiçik Qafqazın cənubu – Qarabağın düzənlik hissəsində isə 1250 növ bitkinin yayıldığı fundamental floralarda qeyd edilir. Ərazidə 400 növdən çox yabanı ağac və kol bitkiləri vardı. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun direktoru vəzifəsini icra edən professor Səyyarə İbadullayeva söyləyib.
Professor qeyd edib ki, Qarabağın meşə fondu 247352 hektar idi, o cümlədən 13197,5 hektar qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi var idi. Qiymətli ağac növlərindən ibarət 986 hektar dövlət meşə sahəsi, 710 hektar kolxoz meşələri, 560 hektar yol, su, kanal kənarı, mədəni meşələr işğal altında qalan zaman ərazidə törədilən yanğınlar nəticəsində ciddi ziyan görüb. Ağdam şəhərində yaşı 150-250 ilədək olan 6 ədəd, Şelli, Seyidli, Sarıhacılı, Əliağalıda yaşı 200-250 il olan 8 ədəd, Boyəhmədli kəndi ətrafında yaşı 400 ilə çatan 71 ədəd təbiət abidəsi kimi qorunan, pasportlaşdırılmış Şərq çinarları məhv edilib. Qarabağ və işğal altında olan meşə ərazilərimizin 26 faizi barədə məlumatlar yox dərəcəsindədir. Digər tərəfdən, 26 min hektar meşə ərazisində (Laçın, Kəlbəcər, Ağdərə rayonlarında) qiymətli fıstıq, cökə, vələs, palıd ağacları qırılaraq yandırılmış və meşələrimiz məhv edilib.
Müxbir - Tünzalə Arazlı