“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
Pekin, 24 sentyabr, AZƏRTAC
Çinin Hubey əyalətinin paytaxtı olan Uhan şəhəri ölkənin iqtisadi, maliyyə, ticarət, mədəni və təhsil mərkəzlərindən biri hesab olunur. Şəhərdə bir neçə tarixi-mədəni abidə var ki, onların da birincisi Sarı Durna qülləsidir.
Çində “səma altında ən gözəl mənzərə” hesab olunan Sarı Durna qülləsi Uhanın ən hündür yerində, İlanlı təpədə yerləşir. Onun haqqında xeyli rəvayət var. Bunların arasında ən geniş yayılanı mifik sarı durna obrazı ilə bağlıdır. Amma tarixi fakt ondan ibarətdir ki, Sarı Durna qülləsinin ilkin variantı III əsrdə hərbi müşahidə məqsədilə inşa olunub. Ötən əsrlərdə qüllə dəfələrlə dağıdılsa da, yenidən bərpa olunub. Hazırkı qüllə isə 1981-1985-ci illərdə inşa edilib.
Əsrlər boyu Sarı Durna qülləsinin şəninə şairlər saysız-hesabsız şeirlər qoşmuş, rəssamlar kətan üzərində, yazıçılar isə əsərlərində onu təsvir etmişlər. Hər detalında tarix yaşadan qülləni bu gün Uhanın vizit kartı da adlandırırlar. Hündürlüyü 51,4 metr olan qüllə 5 mərtəbədən ibarətdir. Hansı tərəfdən baxılmasından asılı olmayaraq, qüllənin görünüşü eynidir. Hər mərtəbə bir mövzuya - tarix, poeziya, kalliqrafiya, Uhan şəhəri və Yantzı çayına həsr olunur. Qüllənin sonuncu mərtəbəsindən həm Uhana, həm də Asiyanın ən uzun çayı olan Yantzı çayına əsrarəngiz mənzərə açılır. Binanın hər bir mərtəbəsi sanki uçmaq üçün qanadlarını açan sarı durna quşunu xatırladacaq şəkildə layihələndirilib. Əsas qüllənin ətrafında Ağ Bulud qülləsi, Şenqsian paqodası, daş kitabələr qalereyası, Məbəd Qapısı və s. kimi bir çox başqa tikililər də mövcuddur. Qüllənin ətrafında gözəl park salınıb, qarşısında isə durna cütlüyünün heykəli ucaldılıb.
AZƏRTAC Uhanın ən görməli məkanlarından biri olmaqla yanaşı, həm də şəhərin rəmzi olan Sarı Durna qülləsindən fotoreportajı təqdim edir.