“№1”, “Kəhrəba”, “Nabat” əmtəə nişanlı qənd məhsullarında uyğunsuzluq aşkarlanıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Abşeron rayonunun Məhəmmədi kəndində fəaliyyət göstərən, fiziki şəxs Elşad Zeynal oğlu Quliyevə məxsus istehsal müəssisəsində emal olunan “№1” (11.11.2025-11.11.2026-cı il istehsal və son istifadə tarixli), “Kəhrəba” (27.07.2026-27.07.2027-ci il istehsal və son istifadə tarixli) və “Nabat” (03.09.2026-03.09.2027-ci il istehsal və son istifadə tarixli) əmtəə nişanlı qənd məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sınaq nəticəsində məhsullarda kükürd dioksidin (SO2) miqdarının normadan artıq olduğu aşkarlanıb.
Faktla bağlı inzibati cərimə tətbiq olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları ilə bağlı qanunamüvafiq tədbirlər görülür.