Oman nümayəndə heyəti “ASAN xidmət”də olub
Bakı, 24 sentyabr, AZƏRTAC
Oman Sultanlığının Kiçik və Orta Bizneslərin İnkişafı İdarəsinin sədri Halima Bint Rəşid Al Zarinin rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
Bu barədə AZƏRTAC-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzləri, burada tətbiq olunan innovativ həllər və dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə olunan nəticələr barədə məlumat verib.
Sonra "ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev qonaqlara təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş təqdimat edib.
Səfər çərçivəsində nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olub.