Tarix Muzeyində qiymətli mənbə: “Dərbəndnamə”nin nadir nəşri
Bakı, 24 sentyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasında Azərbaycanın, Qafqazın, İslam Şərqinin, Rusiyanın və digər regionların tarixinə dair minlərlə nəşr qorunur. Onların arasında 1898-ci ildə Tiflisdə çap olunmuş “Tarixi “Derbend-Name” (“Dərbəndnamə tarixi”) salnaməsi də yer alır.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
“Dərbəndnamə” Dərbəndin və Şimali-Şərqi Qafqazın orta əsrlər tarixinin tədqiqi baxımından mühüm yazılı mənbələrdən biridir. Əsərin müxtəlif dillərdə təxminən 40 əlyazma nüsxəsi və Avropa dillərinə tərcümələri məlumdur.
1898-ci ildə “Dərbəndnamə”nin Azərbaycan dilindəki əlyazma nüsxələrindən biri rus dilinə tərcümə edilərək nəşr olunub. Tərcümə xunzaxəsilli general-leytenant Məqsud Əlixanov-Avarskinin təşəbbüsü ilə Qori Müəllimlər Seminariyasının keçmiş müəllimi Səfərəli bəy Vəlibəyov tərəfindən hazırlanıb. Nəşrdə əsərin müəllifliyi, müxtəlif əlyazma variantları, Sasani və ərəb hakimiyyəti, ərəb-xəzər münasibətləri, Dərbəndin müdafiə kompleksi və İslamın yayılması haqqında məlumatlar yer alır.
Salnamədə, həmçinin Dərbəndin iqtisadi və siyasi inkişafından bəhs edilir. Хəlifə Əl-Mütəmidin (870–892) şəhərin neft quyuları və duz mədənlərindən istifadəyə, su təchizatına və ticarətin inkişafına dair fəaliyyəti qeyd olunur. 1064-cü ildə Dərbənd Şirvanşahların hakimiyyətinə tabe olub.
Bu nadir nəşr orta əsr Dərbəndinin və Şimali-Şərqi Qafqazın tarixinin araşdırılması baxımından qiymətli mənbədir.