“AzərEnerji” vaxtilə təmas xətti olan ərazilərdə 3000-ə yaxın ağac əkib
Bakı, 24 sentyabr, AZƏRTAC
27 Sentyabr – Anım Günü münasibətilə “AzərEnerji” ASC tərəfindən ağacəkmə aksiyası keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, aksiya 44 günlük Vətən müharibəsinin başladığı, ilk şəhidlərin verildiyi Cəbrayıl və vaxtilə təmas xətti sayılan digər rayonlarda müharibədən sonra tikilərək istismara verilmiş bəzi yarımstansiyaların ərazilərində təşkil olunub.
“Şəhidlərimizin xatirəsini yaşatmaq, gələcəyə yaşıl dünya buraxmaq üçün hərəyə bir ağac əkək!” devizi altında keçirilən tədbirin əsas məqsədi Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsini ehtiramla yad etmək, eyni zamanda, ətraf mühitin qorunmasına və yaşıllıqların artırılmasına töhfə vermək olub.
Ağacəkmə aksiyasının ən böyük hissəsi Cəbrayıl rayonunda tikilərək bu ilin may ayında istismara verilmiş 330 kilovoltluq “Şəfəq” yarımstansiyasının ərazisində baş tutub. Vaxtilə döyüşlərin getdiyi torpaqlarda bu gün yeni enerji infrastrukturu ilə yanaşı yaşıllıqların salınması bölgənin dirçəlişinin və həyatın yenidən bərpasının rəmzi kimi qiymətləndirilir.
Ümumilikdə, aksiya çərçivəsində 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların sayına uyğun olaraq 3000-ə yaxın ağac əkilib. Beləliklə, hər bir ağac həm şəhidlərimizin əziz xatirəsinin yaşadılmasına, həm də gələcək nəsillərə daha yaşıl və sağlam mühitin ötürülməsinə xidmət edən mənəvi bir ənənəyə çevrilib.