Yeni reallıqda ölkəmizin siyasi manevr imkanları daha da genişlənib - ŞƏRH
Bakı, 24 sentyabr, AZƏRTAC
Ermənistanın hərbi təcavüzü nəticəsində XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin ərazisinin bir hissəsi işğal olundu. İşğal dövründə Xocalı soyqırımı da daxil olmaqla ağır cinayətlər törədildi, yaşayış məntəqələri dağıdıldı və yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salındı. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edirdi. Lakin bu sənədlərin icrası təmin olunmadı və işğal faktı uzun illər davam etdi. ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar da nəticə etibarilə status-kvonu dəyişdirə bilmədi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.
O bildirib ki, Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllinə üstünlük verdi və danışıqlar prosesində iştirak etdi. Lakin danışıqların nəticəsiz qalması status-kvonun faktiki olaraq qorunmasına gətirib çıxardı. Ermənistanın mövqeyində isə işğal edilmiş ərazilərin qaytarılmasını nəzərdə tutmayan yanaşma üstünlük təşkil edirdi. 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən döyüşlər vəziyyətin daha da təhlükəli mərhələyə keçdiyini göstərdi. Ardınca həmin il sentyabrın 27-də başlayan Vətən müharibəsi 30 ilə yaxın davam edən status-kvonu kökündən dəyişdi. Azərbaycan hərbi əməliyyatlar nəticəsində ərazilərinin böyük hissəsini işğaldan azad etdi.
F.Şahbazlı qeyd edib ki, Vətən müharibəsindən sonra da proses tam başa çatmadı. Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğu, qanunsuz silahlanma, mina təhlükəsi və müxtəlif təxribatlar Azərbaycanın qarşısında yeni təhlükəsizlik məsələləri yaratdı. Qarabağdakı separatçı strukturların beynəlxalq səviyyədə legitimləşdirilməsi cəhdləri Azərbaycanın suverenliyi ilə bağlı prinsipial mövqeyi ilə ziddiyyət təşkil edirdi. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bötövlüyü tam təmin edildi. Bundan sonra real olaraq sülh üzrə danışıqlar başladı. 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişi mətninin paraflanması da bu baxımdan yeni mərhələnin mühüm göstəricisidir.
Siyasi şərhçi vurğulayıb ki, bu gün əsas məsələ qazanılmış nəticələri qorumaq və onları davamlı sülhə çevirməkdir. Azərbaycan regional kommunikasiyaların açılması, iqtisadi əlaqələrin genişlənməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması ilə öz geosiyasi çəkisini daha da artırmaq imkanına malikdir. Yəni Azərbaycanın qarşısında artıq yalnız keçmişin yaralarını aradan qaldırmaq deyil, yaranmış yeni regional reallıqdan milli inkişaf və təhlükəsizlik naminə maksimum istifadə etmək vəzifəsi dayanır. Azərbaycanın son 30 ildə keçdiyi yol göstərir ki, beynəlxalq hüququn kağız üzərində tanınması ilə onun real həyatda təmin edilməsi arasında ciddi fərq var. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə həmin fərqi aradan qaldırdı və regionda yeni siyasi reallıq yaratdı. Bu reallıqda Azərbaycanın maraqları daha güclü, siyasi manevr imkanları daha geniş, regional rolu isə daha əhəmiyyətlidir.