Məktəbə adaptasiya, akademik yük və telefon qadağası - təhsil ekspertinin şərhi
Bakı, 24 sentyabr, AZƏRTAC
Uşaqların məktəbə başlaması üçün vahid ideal yaş müəyyənləşdirmək çətindir. Bu zaman uşağın fərdi xüsusiyyətləri və inkişaf səviyyəsi nəzərə alınmalıdır. Bəzi uşaqlar 6 yaşında məktəbə hazır olduğu halda, müəyyən uşaqlarda bu hazırlıq 7 yaşında formalaşır. Buna görə də uşaq tam hazır olmadığı halda məktəbə başladıqda onun yeni mühitə və tədris prosesinə uyğunlaşmasında çətinliklər yarana bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, təhsil üzrə mütəxəssis Xalidə Həmidova deyib. Mütəxəssis bildirib ki, indiyədək uşaqların məktəbə başlaması üçün 6 yaş normativ yaş kimi götürülüb. Lakin uşaqların inkişaf tendensiyaları və fərdi xüsusiyyətləri bir-birindən fərqlənir. Bəzi uşaqlar 5, bəziləri 6, hətta müəyyən uşaqlar 7 yaşında məktəbə daha yaxşı hazır olurlar. Müşahidələr göstərir ki, 7 yaşında məktəbə başlayan uşaqların bir qismi daha inkişaf etmiş, oyun mühitindən və oyun düşüncəsindən çıxmış olur. Ona görə də məktəbə başlama zamanı uşağın yalnız yaşına deyil, hazır olma səviyyəsinə də diqqət yetirilməlidir.
Xalidə Həmidova məktəbəhazırlıq mərhələsinin uşağın məktəbə adaptasiyasında mühüm rol oynadığını vurğulayıb: “Bu mərhələdə uşaqlara birinci sinif proqramının keçirilməsi düzgün yanaşma deyil. Uşağın oyun yaşı, oynayaraq öyrənməsi və yeni mühitə uyğunlaşması nəzərə alınmalıdır. Əgər uşaq 6 yaşında tam hazırdırsa, həmin yaşda, hazır deyilsə, ideal olaraq 7 yaşında birinci sinfə başlaması daha doğrudur. Lakin məktəbə qədər məktəbəhazırlıq mərhələsindən keçməsi vacibdir. Məktəbəhazırlıq keçmədən birinci sinfə başlayan uşaqların əsas çətinliklərindən biri yeni mühitə adaptasiya ilə bağlıdır. Adaptasiya müddəti uşağın fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişir və bir ay davam edə, yaxud daha uzun çəkə bilər”.
İbtidai siniflərdə uşaqlara həddindən artıq akademik yük verilməsi məsələsinə toxunan mütəxəssis bunun əsas səbəblərindən birinin kurikulum tələblərinin düzgün tətbiq olunmaması olduğunu deyib. Bildirib ki, əgər kurikulumdakı standartların tələblərinə uyğun fəaliyyət təşkil edilərsə, uşaqlar üçün əlavə akademik yük yaranmaz. Hazırda məktəbəhazırlıq qruplarında bəzən birinci sinfin proqramı keçirilir, nəticədə birinci sinifdə uşaqların artıq bildiyi mövzular təkrar olunur və daha yuxarı siniflərin proqramına keçilir. Hər sinif səviyyəsinə uyğun kurikulum tətbiq edilməlidir. Bu məsələdə valideynlərin də maarifləndirilməsi vacibdir. Valideynlər məktəb və bağça kurikulumları ilə tanış edilməli, uşağın yaş xüsusiyyətlərinə uyğun olmayan əlavə akademik yükün onun üçün faydalı olmadığı izah edilməlidir. Bəzən valideynlərin tələbləri və müəllimlərin fərdi yanaşmaları nəticəsində uşaqlar süni şəkildə əlavə yüklə qarşılaşırlar.
Məktəblərdə telefonlardan istifadəyə də münasibət bildirən ekspert müasir dövrdə internet, süni intellekt və digər rəqəmsal resursların tədris üçün geniş imkanlar yaratdığını diqqətə çatdırıb: “Telefonlardan düzgün istifadə edildikdə onların tədrisə çox böyük faydası ola bilər. Lakin hazırda cəmiyyətimizdə telefonlardan düzgün istifadə mədəniyyəti tam formalaşmadığı üçün məktəblərdə müəyyən məhdudiyyətlərin tətbiq olunması daha doğrudur. Sinifdə telefonlar şagirdlərin diqqətinə və dərs prosesinə mane ola bilər. Gələcəkdə elektron vasitələrdən düzgün istifadə qaydaları və rəqəmsal mədəniyyət formalaşdırıldıqca onların tədrisdə daha geniş tətbiqi mümkün olacaq”.
Ekspert qeyd edib ki, məktəbə başlama yaşı və tədris yükü müəyyənləşdirilərkən uşaqların yaş və fərdi xüsusiyyətləri əsas götürülməli, məktəbəhazırlıq mərhələsi isə onların həm akademik, həm də sosial baxımdan məktəb mühitinə uyğunlaşmasına xidmət etməlidir.