AzTU-da tədbir: ermənilərin Qərbi Azərbaycanda törətdiyi etnik təmizləmə siyasəti pislənilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır!” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafayev, tarix üzrə fəlsəfə doktorları Cəbi Bəhramov və Bəxtiyar Həsənov çıxış ediblər. Çıxışlarda bildirilib ki, Qərbi Azərbaycan ərazisinin mərhələli şəkildə Ermənistana çevrilməsi son iki əsrdə daha da intensivləşən köçürmə, inzibati-ərazi dəyişiklikləri və etnik təmizləmə siyasətinin nəticəsidir. Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da azərbaycanlılara məxsus tarixi və dini abidələr ermənilər tərəfindən məhv edilib və dağıdılıb.
Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı ilə bağlı çıxışlarında səsləndirdiyi fikirlər də diqqətə çatdırılıb.