Vəsimə İsmayılqızı: İsmayıl Qarayevin anadan olmasının 100 illiyi silsilə tədbirlərlə qeyd olunacaq
Bakı, 6 fevral, AZƏRTAC
Tanınmış yazıçı İsmayıl Qarayevin 2027-ci ildə anadan olmasının 100 illiyi qeyd olunacaq. Yubiley çərçivəsində yazıçının əsərlərindən ibarət kitabların nəşri, təqdimat mərasimləri və silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.
Bu barədə AZƏRTAC-a yazıçı-publisist Vəsimə İsmayılqızı məlumat verib.
Onun sözlərinə görə, Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yazıçının ev-muzeyinin bərpası və təmiri aparılacaq. Təmirdən sonra burada xüsusi tədbirlərin keçirilməsi nəzərdə tutulur.
O qeyd edib ki, tədbir çərçivəsində ev-muzeyinə xatirə lövhəsi və barelyef vurulacaq, yazıçının həyat və yaradıcılığına həsr olunmuş sənədli film və internet saytı təqdim ediləcək. “Eyni zamanda müəllifi olduğum “İsmayıl Qarayev. Necə varsa…” kitabının təqdimat mərasimi keçiriləcək. Kitabda yazıçının bioqrafiyası və biblioqrafiyası, yaradıcılığına dair ədəbi-tənqidi yazılar, xatirələr, müxtəlif tədbirlərdən materiallar, məktublar və arxiv sənədləri yer alıb”,- deyə o bildirib.
Vəsimə İsmayılqızı daha sonra deyib: “Yazıçının bir sıra əsərləri ilk dəfə çap olunacaq və Azərbaycan Yazıçılar Birliyində və onun ev-muzeyində təqdimatları keçiriləcək. Həmin nəşrlərə “A qarlı dağlar” romanı, şeirlər, hekayələr, oçerklər və digər əsərlər daxildir.
Bir çox nəşrlərdə onun haqqında yer almayan, az bilinən məqamları bu layihələr vasitəsilə oxuculara çatdırmağa çalışırıq. Məqsədimiz yalnız xatirəni yaşatmaq deyil, həm də yazıçının ədəbi irsini yeni nəsillərə dolğun şəkildə təqdim etməkdir. Ümid edirəm ki, bu tədbirlər ədəbiyyatsevərlərin marağını daha da artıracaq və gənc nəslin milli-mədəni irsimizə diqqətini gücləndirəcək”, – deyə yazıçının qızı vurğulayıb.