Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

TELEVİZİYA EKRANI QARŞISINDA
QANLI YANVAR, 1990

Azərbaycan Dövlət Televiziyası 1990-cı ilin qanlı yanvar hadisələrinə həsr olunmuş verilişlər hazırlamışdır. Yanvarın 18-də efirə getmiş “Qanlı Yanvar, 1990” verilişinin mətnini oxuculara təqdim edirik. 

APARIÇI: 13-15 yanvar 1990-cı il... Bakıda kütləvi talanlar baş verdi, qətllər, qarətlər törədildi. Şəhərdə başıpozuqluq, hərc-mərclik höküm sürürdü. Bütün bunlar sonrakı günlərdə - yanvar 18-19-da səngidi, tamamilə dayandı. Bu vəhşilik, zorakılıq, ölüm, qarət həmin vaxt Bakı şəhərində yerləşən SSRİ Daxili İşlər Nazirliyinin qoşunlarının, Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin və Daxili İşlər Nazirliyinin gözü qarşısında baş verirdi. Bütün bunlar məkrli bir oyundan xəbər verirdi. Hakimiyyət strukturları, güc nazirlikləri bu talanı, dağıntını, xaosu yalnız seyr etməklə kifayətlənirdi. Moskvaya göndərilən axın-axın məlumatlarda Bakıda vəziyyətin idarəolunmaz xarakter aldığı göstərilir, kömək istəyirdilər. Əslində, bunun bir məqsədi vardı: Bakıya qoşun gətirmək, azadlıq hərəkatını boğmaq...

Xalqının qanına susayan manqurtlar yanvarın ilk günlərində imperiya ordusunu Bakıya gətirməyə nail oldular. Yanvarın 13-15-də baş verən talanlardan sonra yaranmış müvəqqəti sakitlik güclü bir fırtınanı yaxınlaşdırırdı. Amansız bir cinayət törətmək, xalqın haqq səsini boğmaq, ona divan tutmaq üçün informasiya blokadasının yaradılması da unudulmamışdı. Azərbaycan Teleradio Verilişləri Şirkəti hərbçilər tərəfindən mühasirəyə alınmışdı. Moskva senzurası xalqa ancaq özünə sərf edən məlumatları çatdırırdı. Bir sözlə, artıq respublikanın daxilində belə, informasiya qıtlığı yaranmışdı. Rayonlarda yaşayanlar Bakıda nə baş verməsindən xəbərsiz idilər.

TƏHMİNƏ ASLANOVA (tələbə): 1990-cı il yanvar ayının 20-də sovet rejimi respublikamızda haqq-ədalətin bərpa edilməsi uğrunda səsini ucaldan Azərbaycan xalqının milli mənliyini alcaltmaq, iradəsini qırmaq məqsədi ilə dəhşətli qırğın aktı həyata keçirdi. Dinc əhaliyə qarşı misli görünməmiş cinayət törədildi. Bu cinayəti həyata keçirməzdən bir neçə gün əvvəl Dövlət Təhlükəsizlik Komitəsinin “təxribat maşını” işə salındı. Xəstəxanalar boşaldıldı. Eyni zamanda, Bakıda xidmət edən rus həbçilərin ailələri ölkədən çıxarıldı. Milliyyətcə rus olan əhalinin nümayəndələri respublikanı tərk etməyə başladılar. Süni surətdə rus qaçqınları yaradıldı. Yanvarın 19-dan 20-nə keçən kecə Qorbaçovun bilavasitə göstərişi, güc nazirləi Yazov, Bakatin, Kryuçkovun başçılığı ilə müxtəlif ordu hissələrinin böyük kontingenti Azərbaycana yeridildi. Bəli, biz o vaxt uşaq olsaq da, bütün bunları böyüklərdən, sonralar müəllimlərimizdən eşitmişik.

Kommunist diktaturası Çexislovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni Azərbaycana da tətbiq etdi. Lakin bu təcavüz əvvəlkilərdən onunla fərqlənirdi ki, Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropolda, Krasnodarda, Rostovda səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Çarizmin Cənubi Qafqazda “parcala və hökmranlıq et!” siyasətinin ən qəddar və çirkin variantı Azərbaycanda tətbiq olundu. Belə ki, azərbaycanlıları həm imperiyanın qızışdırdığı, silahlandırdığı, müdafiə etdiyi erməni quldurları, həm də “panislamizmə, pantürkizmə qarşı mübarizə” pərdəsi altında müstəmləkəçilərin özləri qırmağa başladılar.

O zaman Azərbaycanda hakimiyyətə Mərkəzi Komitənin birinci katibi Əbdürrəhman Vəzirov başçılıq edirdi. Ayaz Mütəllibov isə Nazirlər Sovetinin sədri idi. Əbdürrəhman Vəzirov məsuliyyətdən heç vaxt yaxa qurtara bilməz. Ümumiyyətlə, o vaxt da Azərbaycan onu qəbul etmirdi. O, xalqdan çox uzaq adam idi. Vəzirovu tanıyanlar yalnız onun qohumları, yaxınları idi. Onlar Vəzirovun hakimiyyətdə olmasına gəlir mənbəyi kimi baxırdılar.

Vəzirovun başlıca günahı, Qarabağ münaqişəsinin kəskinləşməsinə təkanverici olması idi. O, Ermənistandan deportasiya olunmuş qaçqınların Dağlıq Qarabağda yerləşməsinə yol vermədi. Vəzirov və tərəfdarları bunu onunla əsaslandırdılar ki, belə olarsa, guya ermənilərin hüquqları pozular. Azərbaycanlıların hüquqlarının pozulması isə onları maraqlandırmırdı. Moskvanın Azərbaycanda milli birliyin olmaması istəyi artıq yaranmışdı. Tarixdən də bizə bəllidir ki, bu birlik çox mühüm amildir. Axı, xalqların birliyi düşmən qarşısında ən güclü sipərdir. Respublikamızda milli parcalanmanın əsas səbəbkarlarından biri Vəzirov oldu.

FİRUZ HAŞIMOV(tarixçi-jurnalist): Çox qəribə haldır ki, sonradan hakimiyyətə gələn, iqtidarda olan satqın, qondarma bəylər bu hadisələr zamanı “statistika aparmaqla” məşğul oldular. Onlar çox gözəl bilirdlər ki, qırğın olacaqdır. Yanvarın 13-də meydanda mitinq zamanı Müdafiə Şurası elan olunarkən mən dedim ki, hərbi savadı olmayan bu adamlar respublikamızı nədən müdafiə edəcəklər? O vaxt şəhərdə on min nəfərlikdən çox qoşun cəmləşmişdi. Onlar şəhəri kimdən, nə ilə və necə müdafiə edəcəklər? Hansı strateji ağılla, hansı silahlı qüvvələrlə və dahiyanəliklə bunu edəcəkdilər? Axı, həmin o günlərdə istər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi binasının qarşısında, istərsə də mitinqlərdə Nemət Pənahlı bütün camaatı çağırırdı ki, Azərbaycanı qorumaq istəyənlər leytenant Şmidt zavoduna gəlsinlər. Bilmirəm, keçən il, yoxsa inişil Milli Məclisdə Etibar Məmmədov dedi ki, camaatı kücələrə mən çıxarmışam. Mən məəttəl qaldım. Həmin an Milli Məclisdə istintaq komissiyası təşkil olunmalı idi. Onlarca adam həlak olmuş, 700-dən çoxu yaralanmışdı. Necə yəni mən çıxarmışam? Elədirsə, bəs sənin niyə burnun qanamadı? Bu hərəkatda çoxları ləkələndi, bu həngamədən “qazanan” Etibar kimiləri oldu. İndi onların, maşallah, cangüdənləri, imarətləri, cah-cəlalları, “mersedes”ləri var. Belələrini Azərbaycanın taleyi o vaxt da maraqlandırmırdı, indi də maraqlandırmır.

 

Onların istər o vaxt, istərsə də indi davası vəzifəyə gəlmək məqsədi daşıyır. Düşmənlərimiz də bundan çox məharətlə istifadə edirlər.

NEMƏT PƏNAHLI: 1989-cu il noyabın 25-də Xalq Cəbhəsi idarə heyətinin xəyanətini xalqımıza açıqladım. Onların Vəzirovla apardıqları separatçı danışıqları, Dövlət Təhlükəsizliyi Komitəsinin casusculuq şəbəkəsini təmsil etdiklərini faktlarla açıqladım. Xalq onları meydandan qovdu. Yadımdadır, İsa Qəmbər dəfələrlə cəhd etdi ki, Xalq Cəbhəsi idarə heyətinin qərarını oxuyaq. Xalq buna da əhəmiyyət vermədi, dediyim kimi, onları meydandan qovdu.

O vaxt Xalq Cəbhəsi liberal və radikal qanadlara bölünmüşdü. Radikal qanad deyəndə məni, Etibar Məmmədovu, Rəhim Qazıyevi nəzərdə tuturdular. Əbülfəz Elçibəyin isə guya daha çox neytral mövqedə, bəzən də bizimlə bir yerdə olduğunu söyləyirdilər. Əbülfəz Elçibəy və başqaları Leyla Yunusovanın, Zərduşt Əlizadənin Dövlət Təhlükəsizliyi Komitəsinin agentləri olduğunu bilirdi. O, üzdə göstərirdi ki, bizimlədir, amma onlarla bir yerdə olanda isə başqa cür danışırdı. Dediyim adamlar nəinki Dövlət Təhlükəsizliyi Komitəsinə, hətta ermənilərə də məlumat verirdilər. Telefon danışığı zamanı müəyyən edilmişdi ki, Leyla Yunusova Qriqoryantsla danışır. Bizim qapalı iclas keçirməyimizi beş dəqiqədən sonra Dövlət Təhlükəsizliyi Komitəsində də bilirdilər, ermənilər də, bütün dünya da bunu bilirdi. Biz bunları əvvəlcədən tanıyırdıq. Leyla Yunusovanın ermənilərə məlumat verməsini lentə yazmışdılar. Sonra mən Xalq Cəbhəsinin idarə heyətində bu məsələni qaldırdım. Dedim ki, o, ermənilərin xeyrinə işləyir. Leyla Yunusova əvvəlcə bunu boynuna almadı. Fakt ortalığa çıxdıqdan sonar bizə dedi ki, nə olar, Qriqoryants da demokratdır, biz də demokratıq. Xalq Cəbhəsinin idarə heyətində bu söhbəti bilməyən olmadı. Dəhşətli haldır ki, təcavüzkar Ermənistanla müharibə aparan Azərbaycanda onu Müdafi Nazirliyinin informasiya şöbəsinin rəhbəri təyin etdilər. Sonradan Əlikram Hümbətovun kimliyi açıldı. Əbülfəz Elçibəylə mənim davam məhz buradan başlandı. Xalq Cəbhəsi yaradılanda biz Zərduşt Əlizadənin, Leyla Yunusovanın kim olduğunu bilirdik. Əbülfəz Elçibəydən soruşdum ki, sən bilirsənmi bunlar DTK-nin agentləridir? Sən bilirsənmi Xalq Cəbhəsini Dövlət Təhlükəsizliyi Komitəsi yaradır? Dedi ki, bilirəm. Dedim, bəs sənin məqsədin nədir? Dedi ki, biz taktiki addım atırıq, DTK-nı aldadırıq. Xalq Cəbhəsi təsdiq ediləndən sonra bu, müvəqqəti idarə heyəti olacaqdır. Sonra bu casusları özümüzdən uzaqlaşdıracağıq. Son nəticədə Əbülfəz Elçibəy dedi ki, bunu açıqlamaq olmaz. Biz bunu bildirsək, Xalq Cəbhəsi parçalanacaq, xalq ruhdan düşəcəkdir.

Mən bütün məsuliyyəti öz üzərimə götürdüm. Noyabın 25-də bu məsələni açıqladım. Ondan sonra xalq həmin adamları meydandan qovdu. Əbülfəz Elçibəy onları yenidən gətirdi, Elmira Qafarova, Ziya Bünyadov, Nəcəf Nəcəfov, Etibar Məmmədov televiziyada çıxış etdilər, razılığa gəldilər. Mən Xalq Cəbhəsindən çıxdım.

Onlar həmin dövrə qədər məni nüfuzdan salmaq üçün müxtəlif formada təbliğat aparmışdılar. Sərhəd hərəkatı ilə bağlı təşəbbüsü mən ələ alanda Xalq Cəbhəsi iflic vəziyyətinə düşmüşdü. Biz Xalq Cəbhəsinin həmin agenturasını uzaqlaşdırdıq.

Əbülfəz Elçibəylə mənim çox kəskin söhbətim olmuşdu. Nəhayət, onlar mənimlə razılaşdılar. Müdafiə Şurası təşkil etmək məcburiyyəti yaranmışdı. Şuranın yaradıldığı dövrdə bizə təzyiqlər olurdu. Xalq Cəbhəsinin sıravi üzvləri bizdən xahiş edirdilər ki, Əbülfəz Elçibəylə, Etibar Məmmədovla bir yerdə olaq. Onlar İsa Qəmbəri, Zərduşt Əlizadəni istəmirdilər. Hamı onlara nifrət edirdi. Belə bir vəziyyətdə biz Müdafiə Şurası yaratdıq. Faciə onda idi ki, 1988-ci ildə bizim təşkilatımız, qəzetimiz yox idi. Dövlət mexanizmi bizim əleyhimizə təbliğat aparsa da, heç nəyə nail ola bilmirdi. O vaxt kommunist rəhbərliyi xalq arasında nüfuzunu itirmişdi. Ona görə də Xalq Cəbhəsi adı altında bu qurumu yaratdılar. Əlikram Hümbətovun DTK-nın agenti olduğu danılmaz faktdır. O cümlədən də Leyla Yunusovanın, Zərdüşt Əlizadənin kim olduğu hamıya bəllidir.

1988-ci ildə xalq bizim əleyhimizə aparılan təbliğata uymurdu. Mənim barəmdə istintaq materialında Tofiq Qasımov yazırdı ki, “mən partkomun göstərişi ilə meydanda fəaliyyət göstərmişəm”. Tamerlan Qarayev 1988-ci ildə Bakı Dövlət Universitetində fakultə partkomu idi. O, xalqın içərisinə çıxa bilməzdi. İki il ərzində öz casuslarını milli hərəkatın liderləri durumuna gətirib çıxartdılar. Tamerlan Qarayev 1990-cı ildən Xalq Cəbhəsi Məclisinin sədri oldu. 20 Yanvar cinayətini Tamerlan Qarayevlə Xalq Cəbhəsinin xəyanətkar qanadı ört-basdır etdi. 20 Yanvardan sonra bu faciə ilə bağlı nə Moskva, nə də yerli rəhbərlik ittiham edilmədi. Bu ittihamı yalnız milli hərəkatdakı qüvvələr irəli sürdülər. Bizi Moskva da, DTK da, yerli rəhbərlik də ittiham edirdi. Eyni zamanda, Xalq Cəbhəsinin liberal qanadı da ittiham edirdi. Axı, heç kəs anlamadı ki, biz əgər azadlıq mübarizəsi aparırıqsa, milli azadlıq hərəkatının lideri doğrudan da Əbülfəz Elçibəy, İsa Qəmbər idisə, bəs necə oldu ki, 20 Yanvarda xalqı qan içində boğdular, sonra bizim ən adi liderlərimizi həbs etdilər. Amma Əbülfəz Əliyevin adı dəyişərək Elçibəy oldu? Əbülfəz Elçibəyin dünya səviyyəsində reklam olunması təşkil edildi? İsa Qəmbərə “gözün üstə qaşın var” deyən olmadı? Sovet İttifaqının mətbuat orqanlarının səhifələrinə baxın, görün, orada Əbülfəz Əliyevin, İsa Qəmbərin əleyhinə bir cümlə yazı varmı?

Sonradan demokratik blok yaradıldı. Bunlarin hamısı qabaqcadan razılaşdırılmışdı və xəyanət idi.

 

APARICI: 19 yanvar 1990-cı il... Teleradio Şirkəti Bakı Ali Ümumqoşun Məktəbinin Komandirləri 160 kursantı tərəfindən mühasirə olunmuşdu. Yanvarın 19-da saat 19-da teleşirkətə yarı hərbi, yarı idman forması geymiş 4 nəfər silahlı gəlir. Mühafizəçilər onların tapşırıqlarını sözsüz yerinə yetirirlər. Gələnlər növbə rəisləri İ.Hüseynov və növbətçi elektrik V.Romanovdan ehtiyat dizel-generatorun olub-olmadığını, habelə teleşirkətin enerji təchizatının sıradan çıxarılmasının mümkünlüyünü öyrənirlər. 19.25-də enerji bloku partladılır. Partlayış və yanğın haqqında Bakı Baş Milis İdarəsinə saat 19.30 dəqiqədə məlumat daxil olur. Hadisə yerinə gələn milis işçilərini mühafizəçilər içəri buraxmırlar. Ertəsi gün hadisə yerində olan Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin operativ istintaq qrupunun rəis müavini Mansurov heç bir nəticəyə gələ bilmir. Ekspertlər isə aşağıdakı nəticəyə gəlmişlər:

“Enerji bloku Sovet Ordusu və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin xüsusi təyinatlı dəstəsi tərəfindən partladılmışdır”.

ETİBAR MƏMMƏDOV (AMİP sədri, Milli Məclisin deputatı): Televiziyada verilişlərin dayanması haqqında mənə məlumat verdilər. Elşad Quliyevlə əlaqə saxlayanda məlum oldu ki, televiziya verilişləri dayandırılıb, işçilər də buraxılıbdır. Ondan soruşanda ki, bunun səbəbi nədir, dedi ki, Xalq Cəbhəsinin nümayəndələri gəlib tələb ediblər ki, televiziya verilişləri dayandırılsın və o da bu səbəbə görə işçiləri buraxıbdır. Mən bildirdim ki, elə göstəriş ola bilməz, verilişlər bərpa olunmalıdır və axşam saat 8-də də mən özüm gəlib çıxış etmək fikrindəyəm. Dedim ki, verilişləri bərpa etsinlər. Ondan sonra Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə getməli oldum. Orada, demək olar ki, heç kəs yox idi. Içəridə yalnız əsgərlər və matroslar vardı. Onlar tam silahlanmış vəziyyətdə idilər. Kabinetlərin hamısında da bir nəfər əsgər oturmuşdu. Polyaniçko ilə görüşə bildim. Mərkəzi Komitədə ondan başqa, demək olar ki, heç kəs yox idi. Polyaniçko ilə çox qısa və gərgin söhbətim oldu. Mən bu barədə çox danışmışam. O, mənə bildirdi ki, artıq hər şey həll olunubdur. Sizin iki saat vaxtınız qalıb. Ondan dəfələrlə soruşdum ki, bu iki saat nə deməkdir, iki saatdan sonra nə olacaq?

JURNALİST: Onda saat neçə idi?

ETİBAR MƏMMƏDOV: Mən onunla təxminən saat 6-dan sonra görüşmüşəm. O mənim sualıma cavab vermədi. Eyni zamanda o dedi ki, siz silahlı çevriliş hazırlayırsınız, xalq silahlanıb, Mərkəzi Komitənin binasına hücum hazırlanıb. Hücum olsa, atəş açılacaq, nə olacaq. Ona bildirdim ki, heç bir hücum yoxdur, ancaq xalqın etirazı var. Xalq, ilk növbədə, Bakıya qoşun yeridilməsinə etiraz edir. Ən başlıcası isə, Vəzirovun istefasını tələb edir. O vaxt əsas tələblərdən biri Vəzirovun istefası tələbi idi. Dedim ki, Vəzirovun istefa verdiyi elan olunarsa, bəlkə də, xalq sakitləşər, digər məsələləri həll etmək olar. O isə mənə bildirdi ki, Vəzirov yoxdur, ancaq onun da məsələsi artıq həll olunubdur. Dedim ki, əgər həll olunubdursa, bunu xalqa elan etmək lazımdır.

JURNALİST: Siz ikilikdə söhbət edirdiniz?

ETİBAR MƏMƏMDOV: Hə, ikimiz idik. Dedi ki, bunun üçün plenum çağrılmalıdır, qərar verilməlidir, plenum çağıra bilmədik. Nə isə, bu cür bəhanələr gətirdi. Ondan sonra mənə dediyi həmin o iki saat məsələsi ətrafında çox mübahisə oldu. Yəni bu iki saat nə deməkdir, iki saatdan sonra siz nə etmək fikrindəsiniz? O, konkret cavab vermədi. Oradan çıxanda mən Daşdəmirovu gördüm, onun yanında tanımadığım başqa bir adam vardı. Daşdəmirov da bildirdi ki, vəziyyət belədir. Dedim, əgər Vəzirov yoxdursa, ərizə yazaraq qaçıbsa, tez bunu elan etmək lazımdır. Bunun üçün əgər plenum çağrılmalıdırsa, bizim köməyimiz lazımdırsa, gedək, lazım olan adamları evlərindən gətirək. O mənə dedi ki, burada heç kim yoxdur. Dedim ki, plenum keçirə bilmirsinizsə, Mərkəzi Komitə bürosunun üzvlərini yığıb qərar qəbul edin.

 

Mən ona dedim ki, indi xalqın taleyi sizdən, verəcəyiniz qərardan asılıdır. Daşdəmirov mənə dedi ki, biz heç bir qərar verə bilmərik, çünki heç bir rəsmi səlahiyyətimiz yoxdur. Mərkəzi Komitədə bildirdilər ki, plenum çağırmaq və büro üzvlərini yığmaq mümkün deyildir. Həmin vaxt, təxminən saat 19.30 olardı, indiki kimi yadımdadır, biz qəbul otağında söhbət edərkən, siyasi icmalçı Həmid Əliyev televiziyada çıxış edirdi. Birdən ekranda partlayışı xatırladan işartı göründü. Aşağı düşəndə mənə bildirdilər ki, televiziya studiyasında enerji bloku partladılıbdır. Mən Mərkəzi Komitənin qarşısında çıxış etdim, Polyaniçkonun dediklərini, o cümlədən bizə iki saat vaxt verdiyini camaata çatdırdım. Sonra biz bu məsələni dəqiqləşdirdik. Məlum oldu ki, doğrudan da televiziya studiyasında enerji bloku partladılıbdır. Bununla da xalqa hər hansı müraciətin qarşısı alınıbdır.

JURNALİST: Bilirsinizmi, mən bunu sizdən nə üçün belə ətraflı soruşdum? Çünki Mərkəzi Komitənin keçmiş katibi Telman Orucov deyir ki, Etibar Məmmədov saat 4.00-dan bilirdi ki, hücum olacaq, Bunu Polyaniçkodan öyrənmişdi. Mən Mərkəzi Komitənin büro üzvü idim, lakin bunu bilmirdim. Yəni Etibar Məmmədovun xalqı xəbərdar etməyə imkanı var idi.

ETİBAR MƏMMƏDOV: Telman Orucov, Mərkəzi Komitənin digər üzvləri riyakarlıq edərək bu gün nə isə deyə bilərlər ki, Etibar Məmmədovun və yaxud başqasının nədənsə xəbəri vardı, lakin xəbər verməyibdir. Ancaq onlar bilməmiş deyildilər ki, həmin hadisələrdən bir neçə gün əvvəl Bakıya nə qədər qoşun yeridilmişdi. Çünki onlar bilirdilər ki, bunun üçün nə qədər vəsait, ərzaq ayrılıbdır. Onlar bilməmiş deyildilər ki, bizim milis şöbələri tərksilah olunublar, hadisədən bir gün əvvəl bütün xəstəxanalar boşaldılıb, xəstələrin hamısı öz evlərinə köçürülübdür ki, orada boş yerlər qalsın. Onlar büro üzvü kimi bilməmiş deyildilər ki, bütün rayon partiya kömətlərinə göstəriş verilibdir ki, hər kəs hazır olsun, çağırılan kimi gəlsin. Onlar bütün rayon partiya komitələrinin komendaturalar üçün ayrılmasından xəbərdar idilər. Bilirdilər ki, hansı komentaturaya kimlər gələcəkdir. Onların hamısı bu dediklərimi bilirdilər. Hadisələrdən vaxt ötdükcə, onlar özlərinə bəraət qazandırmaq üçün digərlərini, xüsusən də xalq hərəkatında iştirak edənləri ittiham etməyə çalışırlar. Onlar çalışırlar ki, məsuliyyətdən özlərini kənarlaşdırsınlar. Təəssüflə qeyd etmək istəyirəm ki, o zamankı rəhbərliyə daxil olan insanlardan, o vaxtkı Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlərindən heç olmasa kimsə, rəsmi olaraq etiraz etsəydi, bu, xalqa çox böyük təskinlik verərdi. Xalqın mənəvi cəhətdən ağır sıxıntıya məruz qalmasının ən böyük səbəbi bu idi ki, respublikamıza rəhbərlik edən şəxslərdən biri də səsini qaldırmadı, etiraz etmədi və xalq özünün rəhbərsiz olduğunu gördü. Bu, genişmiqyaslı faciəli hadisələrdən sonra xalqa ən ağır zərbə idi.

JURNALİST: Bəllidir ki, bu faciənin yaranmasında Polyaniçkonun “çox böyük tarixi rolunun” olması faktdır. Əfqanıstanda xüsusilə bu sahədə peşəkarlıq göstərən Polyaniçkonun sonrakı hikkəsi Azərbaycan xalqının başına bu müsibəti gətirməkdən ibarət oldu. Yəni, xalqımızın başına gətirilən müsibətlərdə Polyaniçkonun doğrudan da “tarixi xidmətləri” olubdur . Amma mətbuatdan da, özünüzün müsahibələrinizdən də məlum olur ki, Polyaniçko ilə aranızda çox yaxşı münasibətlər olubdur. Bu dostluğun tarixi haradan başlayır?

ETİBAR MƏMMƏDOV: Birincisi, kim bu münasibətlərə dostluq adı verirsə, mən onlara cavab verə bilərəm ki, Polyaniçko düşməndir, bunu hamı bilir. O, vəzifəsini yerinə yetiribdir. Polyaniçko xalqımıza qarşı düşmən ola bilər. O, öz xalqına, dövlətinə xidmət etmək üçün həmin vəzifəni yerinə yetirməli idi. Ona görə də heç kəs Polyaniçkoya dost kimi baxa bilməz.

 

Polyaniçko kimilərdən Azərbaycan xalqının taleyi asılı olduğuna görə, biz onunla danışmaq məcburiyyətində idik. Bu danışıqların nəticəsində də hansısa qərara gəlməli idik. Əgər kimsə bizim kimlərləsə xüsusi münasibətlərimiz olduğunu deyirsə, bu, sadəcə, qeyri-məntiqi fikirdir və gülüş doğurur. Kiminsə konkret olaraq mənə qarşı bir ittihamı varsa, istənilən vaxt ona cavab verməyə hazıram. Amma Polyaniçko kimi adamları mən ittiham edə bilmərəm ki, nə üçün onlar xalqımıza qarşı bu cinayətləri törədiblər. Çünki bu, onun vəzifəsidir. O, öz dövlətinə xidmət edirdi və bizim xalqa qarşı bu işləri həyata keçirmişdir. Biz xalqı qorumalı olan adamları ittiham etməliyik. Onların vəzifə borcu idi ki, xalqı, onun hüquqlarını qorusun, təhlükəsizliyini təmin etsinlər. Biz bu adamlardan cavab tələb etməliyik. İmperiyanın nümayəndələrinin mövqeyi aydındır. Girenkonun, Mixaylonun, Yazovun vəzifəsi imperiyaya xidmət etmək olub. Onların günahlarını sübut etməyə ehtiyac yoxdur. Əsas məsələ xalqı qorumağa borclu olan vəzifəli şəxslərin günahını müəyyən etməkdir ki, gələcəkdə xalqı qorumağa borclu olan şəxslər öz vəzifələrindən imtina etdikdə, onu yerinə yetirmədikdə məsuliyyətdən qaça bilməsinlər. Belələri əgər dünən məsuliyyətdən qaçıblarsa, deməli bu gün də, sabah da qaçacaqlar. Bunlar isə faciəli hadisələrlə başa çatacaqdır.

TELMAN ORUCOV: Yanvarın 19-da axşam saat 8.00 radələrində mən kabinetimdə idim. Həmin gün Vəzirov işdə olmamışdı. O, mənə haradansa birbaşa telefonla zəng vurdu. Dedi ki, gələcəkdə Bakıya qoşun yeridilməsi məsələsi olarsa, siz buna necə baxarsınız?

JURNALİST: Təqribən saat neçə idi?

TELMAN ORUCOV: Axşam saat 8.00 idi. Mən qəti surətdə ona bildirdim ki, bu, hökmən qan tökülməsinə səbəb olar. Çünki o vaxt, Bakı fırtınalı dənizə bənzəyirdi. Bu fırtınanın qarşısında hər hansı “yelkən” dözə bilməzdi. Ona görə də belə vaxtda qoşun yeritmək Bakını mütləq qana qərq etmək idi. Mən ona dedim ki, qan tökülməsinə görə cavab vermək də lazım olacaqdır. Buna qətiyyən yol vermək olmaz. Mən onu daha da inandırmaq üçün dedim ki, bu, əgər Moskvanın təşəbbüsüdürsə, siz Qorbaçovla əlaqə saxlayıb, onu inandırmalısınız ki, belə səhv addım atmasın. Bunu gecikdirmək olmaz. Axırda o mənə dedi ki, mən sənin mövqeyini başa düşdüm. Bu, mənə aydındır. Söhbətimiz bununla da qurtardı.

Sonra biz gecə saat on ikiyə işləmiş işdən çıxıb gedəndə o vaxtkı partiya komissiyasının sədri Rauf Axundov həyət tərəfdən qarşımıza çıxdı. Bizim küçəyə çıxmaq imkanımız yox idi. Mərkəzi Komitənin qarşısında mitinqçilər dayanmışdılar. O, bizə həyəcanla bildirdi ki, Bakıya qoşun yeridilir. Bu, bizim üçün gözlənilməz xəbər idi. Çünki Vəzirovla söhbətdə o, Bakıya gələcəkdə qoşun yeridilməsi barədə mənim rəyimi soruşurdu. 2-3 saatdan sonra Bakıya qoşun yeridilməsi söhbəti olmamışdı. Biz Rauf Axundovun dediyi sözlərə əvvəlcə inanmadıq. Lakin o, bizi inandırdı ki, həqiqətən belədir, bu barədə onun məlumatı var. O vaxt geri qayıtmaq istədik. Kimsə məsləhət gördü ki, Nazirlər Sovetinin sədri Mütəllibovun kabinetində işıq yanır, yaxşısı budur, oraya gedək və oradan əlaqə saxlayaq. Açığını deyim, yaxşı oldu ki, biz oraya getdik. Çünki biz heç kəslə əlaqə yarada bilməzdik. Çünki Moskvadan gələnlərlə birbaşa əlaqə saxlamaq mümkün idi. Biz Mütəllibovun kabinetinə getdik, əvvəlcə Cənub qoşunlarının komandanı, ordu generalı Popovla danışdıq. Onun idarəsi Bakıda yerləşirdi və o, Mərkəzi Komitə bürosunun üzvü idi. Həmin an o, yaxasını dərhal kənara çəkdi. Nəhayət, keçmiş SSRİ müdafiə naziri Yazovla telefonla danışdıq. O, qəti surətdə bildirdi ki, ordunun Bakıya yeridilməsi haqqında qərarı Mərkəzi Komitənin Siyasi Bürosu verir, bu, mənim işim deyil, siyasi məsələdir. Mən əsgər kimi ancaq əmri yerinə yetirirəm. Çox söhbətdən sonra heç nə alınmadı. Biz evə getdik, sonra qanlı faciə baş verdi.

 

Adamlar qırıldı, azərbaycanlıların, Bakı sakinlərinin, günahsız insanların qanı axıdıldı. Yəqin ki bu ləkə uzun müddət heç kəsin üzərindən silinməyəcəkdir. Çünki o dövrdə siyasətlə az-çox məşğul olan adamların barrikadanın hansı tərəfində dayanmasından asılı olmayaraq, hamısının günahı var. Dediyim kimi, bu faciə Azərbaycan xalqının tarixində olan nadir faciələrdən biridir. Ona görə mən özümün də, digər adamların da heç birinin günahını azaltmaq istəmirəm. Günah var, amma bir məsələ də var ki, günah vicdana aid olan məsələdir, Allah qarşısındakı cavabdehlikdir, məsuliyyətdir. Amma təqsir hüququn obyektidir. Bilavasitə təqsirkar olan adamlar gərək tökülən qana görə cavab versinlər.

JURNALİST: Sizcə, o adamlar kimlərdir?

TELMAN ORUCOV: Mən güman edirəm ki, ordunun Bakıya yeridilməsinə qərar verən və o qərara razılıq verən adamlardır.

JURNALİST: Ordunu yeridən, qərar verən məlumdur. Respublikamızda buna razılıq verənlər kimlərdir?

TELMAN ORUCOV: Yəqin ki, respublikanın birinci rəhbərləri razılıq verməsələr, SSRİ nə qədər totalitar dövlət olsa da, heç kəs bilmədən qoşunu buraya yeritmək mümkün deyildi.

JURNALİST: Telman müəllim, siz rəhbərləri deyirsiniz. Təkcə Vəzirovu nəzərdə tutursunuz, yoxsa Mütəllibovu da. Çünki bunların biri hökumətin rəhbəri idi, digəri isə partiyanın.

TELMAN ORUCOV: Mən ayırmaq istərmirəm. Yenə də deyirəm ki, respublikanın birinci şəxslərinin, o cümlədən Moskvanın Azərbaycandakı nümayəndəsinin bu məsələlərdən, şübhəsiz ki, xəbəri var idi. Saat 8.00-da olan zəng onu göstərir ki, artıq bunlara çox şey məlum idi. Çox təəssüf ki, mərhum Polyaniçko saat 4.00-da Xalq Cəbhəsindəki bəzi adamları çağırıb bu məsələni əgər demişdisə, Mərkəzi Komitənin büro üzvlərinə, şəxsən mənə heç nə deyilməmişdi. Ona görə də mən tam məsuliyyətlə və səmimiyyətlə demək istəyirəm ki, o qan qarşısında yalan danışmaq, həmin qana bais olmaq deməkdir.

JURNALİST: Telman müəllim, mən sizin səmimiyyətinizə ianamaq istəyirəm. Ancaq ad çəkmədiyinizə görə inanmıram. Siz birinci şəxslər deyirsiniz, özünüz neçənci şəxs olmusunuz?

TELMAN ORUCOV: Mən onda Mərkəzi Komitənin kollektiv rəhbərliyinin üzvü olmuşam. Mərkəzi Komitə bürosunun üzvü, beş katibdən biri olmuşam. Ona görə də əgər mən birinci katib vəzifəsini daşısaydım, yəqin ki, o təqsirkarların arasında mən də olmalıydım. Yenə də deyirəm, yəqin ki, birinci şəxslərə,- istər Vəzirov olsun, Mütəllibov olsun, ya mərhum Elmira Qafarova olsun,- və bir də Moskvanın nümayəndəsi Polyaniçkoya yəqin məlumat verilmişdi ki, ordu Bakıya girəcəkdir. Amma Mərkəzi Komitənin bürosuna, yenə deyirəm, deyilməmişdi. Əgər büroda bu məsələ qoyulsaydı, hər halda Mərkəzi Komitənin bürosu özünün məhvinə səbəb olan belə addımı atmazdı. Yenə deyirəm, çünki o vaxt belə məsələyə razılıq vermək, öz ölümünə hökm vermək, özünün qətli barədə hökmə qol çəkmək demək idi.

JURNALİST: Əvvəllər – 1988-1989-cu illərdə Bakıda keçirilən mitinqlərdə heç bir qan qaraldıcı hadisə baş verməsin deyə, asayişin keşiyində dayanmaq üçün rayonların birinci katibləri, milis rəisləri, rəhbər vəzifəli adamları səhərə qədər mitinqlərdə olurdular. Çox yaxşı xatirimdədir, Vəli Məmmədov 26 Bakı komissarı rayonunun partiya komitəsinin birinci katibi idi. Mən onu həmişə mitinq iştirakçıları arasında görürdüm.

 

Mitinqdə xoşagəlməz hadisələr baş verməməkdən ötrü o, iştirakçılar arasında olurdu. Bununla da hadisələrin qarşısı müəyyən qədər alınırdı. Hamı səfərbər olunurdu, hiss edilirdi ki, burada respublika rəhbərliyinin nəzarəti var. Amma 20 Yanvar hadisəsi baş verən gecə siz hamınız evinizə getmişdiniz. Belə olan halda rəhbərliyin nümayəndələrindən heç kəs zərər çəkmir, camaat küçələrdə qalır və qırılanlar olur. Yəni rəhbər işçilərdən bir nəfər də olsun əhalinin toplaşdığı, barrikadalar qurulduğu yerlərdə olmamışdır. Bu təhlükəni görə-görə nə üçün rəhbər işçilərin heç biri yerlərdə olmamışdır?

TELMAN ORUCOV: Mən sizinlə razıyam. Həmin təhlükənin hiss olunduğu bir vaxtda rəhbər işçilər camaat arasında olmamışlar. Amma o dövr elə çətin, mürəkkəb, anlaşılmaz bir dövr idi ki, orada kiminsə özünü daha fəal aparmaq istəyi, onun üçün fitnəkarlıq kimi qiymətləndirilə bilərdi. Açıq demək lazımdır ki, o vaxt Mərkəzi Komitənin nüfuzu xeyli aşağı idi və xalqa təsir etmək məsələsində elə imkanlara malik deyildi.

APARICI: Yanvarın 19-u axşam saat 19.25 dəqiqədə televiziya ekranlarına qaranlıq çökdü. Televiziya verilişlərinin dayanması bütün respublikaya çaxnaşma saldı. Bu, dəhşətli cinayətin həyata keçirilməsi üçün ilk addım oldu. Şəhərin əsas giriş yollarında yerləşdirilmiş cinayətkar ordu və zirehli texnikanın hücum planı artıq yerinə yetirilməyə başlandı. Lakin xalq ordunun ona atəş açacağına heç vaxt inanmırdı.

Qoşun şəhərə yeridilir. Yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlki günlərdə şəhərdə yerləşdirilən qüvvələrdən əlavə, Bakıya qoşun yeridilməsi saat 00.00 radələrində başlandı. Tank, ZTR, PDM kimi ağır hərbi texnika, desant qüvvələri şəhəri tapdaq altına aldı. Qoşun bütün istiqamətlərdə avtomat, pulemyot və tanklardan aramsız atəş açırdı. Bu vəhşilik çoxlu insan qırğını ilə nəticələndi.

Yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın tarixinə Bakının faciəsi kimi yazıldı. Küçələr, meydanlar, binalar ölüm saçan güllələrin işığına büründü. Zirehli texnikanın və pulemyotların qan qoxuyan nəfəsi heç kəsə rəhm etmədi. Amalı, istəyi uğrunda ölümə atılan Vətən oğulları azğınlaşmış ordunun qarşısından qaçmadılar. Sinələrini sipər etdilər. Qocanı, qadını, uşağı qanına qəltan edən amansız düşmənin törətdiyi qırğınlar azadlıq eşqi ilə meydana atılan oğulların iradəsini qıra bilmədi.

20 yanvar, saat 5.30 dəqiqə, fövqəladə vəziyyət... Bakıda fövqəladə vəziyyətin elan olunmasından əhali ilk dəfə şəhər komendantlığının məlumatından xəbər tutdu. Bu, o vaxt idi ki, artıq şəhərdə qan tökülmüş, hərbi hissələr Bakını ələ keçirmişdi. Səhər saat 5.30 dəqiqədə şəhər komendantının radio ilə səslənən müraciətində və vertolyotlardan atılan vərəqələrdə fövqəladə vəziyyətin elan olunduğu bildirilirdi. Lakin 20 Yanvar faciəsi artıq baş vermişdi.

JURNALİST: Faciənin səhəri günü respublikamızın, mən deyərdim ki, xalqın həyatı ilə yaşayan bir çox ziyalıları, deputatları fövqəladə sessiya keçirmək istədilər. Yanvarın 22-də belə bir sessiya keçirildi. O sessiyada rəhbər işçilər cidd-cəhdlə çalışırdılar ki, sessiya baş tutmasın. Əslində siz – respublikanın rəhbərləri bunda maraqlı olmalıydınız ki, baş verən hadisə aydınlaşdırılsın, müzakirə olunsun, qiymətləndirilsin. Siz sözünüzü deyəsiniz, xalqa müraciət olunsun. Əksinə, buna mane olmağa çalışdınız və o cümlədən siz, dəfələrlə müraciət olunmasına baxmayaraq, o sessiyaya gəlmədiniz.

TELMAN ORUCOV: Çox yaxşı ki, siz bu məsələyə toxundunuz və bəzi məsələləri açıq bildirirsiniz. Heç nə gizlin qalmamalıdır. Bu gün kimsə, nəyisə gizlətməyə çalışırsa, sabah və ya başqa bir gün açılacaqdır. Hər şeyi səmimiyyətlə, olduğu kimi demək lazımdır. O vaxt biz sessiyanın keçirilməsinə mane olmaq imkanına malik deyildik. Çünki rayonlarla telefon rabitəsi demək olar ki, yox idi. Kiməsə zəng vurmaq mümkün deyildi, yarı anarxiya vəziyyəti yaranmışdı. O vaxt Mərkəzi Komitənin kiməsə təsir etmək, kiminsə qarşısını kəsmək barədə addımı onu gülünc vəziyyətdə qoya bilərdi. O ki, qaldı sessiyada iştirak etmək məsələsinə, mən razıyam. Ancaq həmin gün Nazirlər Soveti sədrinin kabinetində Moskvanın nümayəndələri Mərkəzi Komitə bürosunun üzvləri ilə birlikdə müşavirə keçirdilər.

 

Belə qərara gəlindi, büronun belə rəyi oldu ki, Mərkəzi Komitənin bürosundan bir nəfər nümayəndə orada iştirak etsin. Çünki Moskvanın nümayəndələri müxtəlif məsələlər irəli sürürdülər. Ona görə onlar qəti göstəriş verdilər ki, büro üzvləri sessiyaya getməsinlər, bir nəfər nümayəndə sessiyada iştirak etsin. Həsənov sessiyaya getdi. O vaxt partiya intizamı əvvəlki kimi qalırdı. Heç kəs onu poza bilmirdi. Vəzirovdan, Mütəllibovdan və qeyrisindən asılı olmayaraq, Moskvanın nümayəndələri bu fikri büroya təlqin etdilər və büro həmin fikirdə oldu. Mərkəzi Komitə bürosunun üzvlərindən mərhum Elmira Qafarova Ali Sovetin sədri kimi sessiyada iştirak etməli idi və Mərkəzi Komitə bürosunun nümayəndəsi kimi Həsənov iştirak etməli idi. Büronun bütün üzvləri deputat olduqları halda, onların hamısına sessiyada iştirak etmək qadağan olunmuşdu.

JURNALİST: Mən həmin büronun stenoqramını oxumuşam. Bunu bilirdim, sizin öz dilinizdən eşitmək istəyirdim. Telman müəllim, siz bu xalqın oğlusunuz, xalqın çörəyi ilə, himayəsi ilə o mərtəbəyə çatmışdınız. O qırğından sonra Moskvanın dediyi ilə oturub-durmağa nə ad vermək olar? Qırğın təzəcə baş vermişdi. Biz şəhidləri dəfn etməmiş Moskva sizi yenidən yığır, büro üzvlərinin başına “ağıl” qoyur ki, elə hərəkət etməyin, belə edin.

TELMAN ORUCOV: Bilirsinizmi, Moskvadan gələnlər də, əslində, bu məsələdə öz günahlarını qətiyyən etiraf etmirdilər. Onlar deyirdilər ki, burada başqasının barmağı var, bu, onların işi deyildir. Yazov dedi ki, mən əsgərəm, əmri yerinə yetirirəm. Bakıda mənim nə işim var?

JURNALİST: Onda kimin işidir?

TELMAN ORUCOV: Aydin məsələdir ki, ölkənin rəhbərinin işidir. O vaxt ölkədə bircə rəhbər var idi. O da Qorbaçov idi.

JURNALİST: Yaxşı, bunlar da Qorbaçovun adamları idi. Siz onların dedikləri ilə necə durub-otura bilərdiniz? Yenə də deyirəm, mən həmin materialları oxumuşam. Adama təsir edən budur ki, elə bil dünyanın düz vaxtında Moskvanın emissarları gəlirlər bizim büroda ağayana iştirak edirlər, yol göstərir, məsləhət verirlər. Bir də deyirəm, şəhidlər dəfn olunmayıb, amma onlar isə özlərini büroda həmin amiranəliklə aparırlar. Bir nəfər də olsun, onların gözünün içinə demir ki, siz təcavüzkarsınız, Bakını işğal etmisiniz, dinc əhalini qırmısınız, bu millətin qanına susamısınız. Bu sözləri bir nəfər də olsun demir.

TELMAN ORUCOV: Mən sizinlə razıyam. Amma...

JURNALİST: İnanın, bu fikri deməklə mən qəhrəman olmaq, tamaşaçıların qarşısında özümü reklam etmək niyyətində deyiləm. Sadəcə olaraq, mən inana bilmirəm ki, sizin heç biriniz bunu etməməsiniz.

TELMAN ORUCOV: Bir vətəndaş, bir jurnalist və ziyalı kimi də sizin belə sual verməyə ixtiyarınız var. Bu suallar yəqin ki, xalqımızın müəyyən hissəsini maraqlandırır. Yəqin ki, o vaxt partiya orqanlarında işləyən adamların hamısı çox gözəl bilirlər ki, onların başları üstündə partiya intizamı deyilən bir Damokl qılıncı asılmışdı. Bu intizamdan azacıq kənara çıxan adamların hamısını həmin qılıncın onun boynunu kəsməsi gözləyirdi. Ona görə də Moskvanın indicə sizin emissar adlandırdığınız nümayəndələrinin, - o vaxt biz onları rəhbərlər adlandırırdıq, - sözləri çox vaxt heç müzakirə olunmurdu. Birbaşa ancaq icra edilirdi, həyata keçirilirdi.

JURNALİST: Siz heç şəhidlərin dəfninə də gəlmədiniz. Həmin gün iki milyonluq şəhər ayağa qalxaraq şəhidləri dəfn etdi. Amma siz gəlmədiniz.

TELMAN ORUCOV: Dediyim kimi, dəfndə biz iştirak etmədik. Ona görə ki, o vaxt biz o məsələlərlə məşğul idik. Sonra da bəzi yoldaşlar Moskvaya uçdular, ona görə də dəfndə iştirak etmədik. Çünki o vaxt hadisələr elə cərəyan edirdi ki, yəqin çoxları həmin mərasimdə iştirak etməyə özündə cəsarət tapmırdı.

 

JURNALİST: O cümlədən siz.

TELMAN ORUCOV: Yəqin ki, söhbət belə gedir.

JURNALİST: Siz Moskvaya getmək mövzusuna toxundunuz. Sözün düzü, mən istəmirdim bu məsələyə toxunum. Bir halda ki, siz o sözü işlətdiniz, yəni şəhidlərin qanı hələ qurumamış Mərkəzi Komitə birinci katib olmaq iddiasındakı ayrı-ayrı adamların dava-dalaş meydanına çevrilmişdi. O cümlədən birinci katib olmaq üçün sizin də namizədliyiniz vardı.

TELMAN ORUCOV: Bilirsiniz, o vəzifəyə can atanlarla, həmin vəzifəyə təklif olunanların arasında müəyyən hədd qoymaq daha düzgün olardı. Büroda dörd nəfərin namizədliyi verilmişdi. Polyaniçko büroya sədrlik edirdi. O məlumat verdi ki, bütün partiya fəalları ilə sorğu apardıqdan, onların rəyini, fikrini öyrəndikdən sonra Mərkəzi Komitənin birinci katibi vəzifəsinə dörd nəfərin namizədliyi irəli sürülə bilər. Bunlar Mütəllibov, Həsənov, Orucov və Hüseynovdur. Mən o dəqiqə çıxış etdim, dedim ki, adım siyahıdan çıxarılsın. Çünki mən belə bir şəraitdə bu vəzifəyə seçilməyi qətiyyən istəmirəm. Sonra Hüseynov da öz namizədliyini geri götürdü. İki nəfər – Mütəllibov və Həsənov səsə qoyuldu. Amma Polyaniçko plenumda da elan etdi ki, dörd nəfərin namizədliyi verilmişdi. İki nəfər namizədliyini geri götürdü.

JURNALİST: İki nəfərin namizədliyi səsə qoyulanda siz Mütəllibovun birinci katib olmasına cidd-cəhdlə kömək etmək istəmisiniz. Yəqin ki, siz bizim verilişlərə çox diqqətlə baxmısınız. Yadımdadır, keçən ilki verilişlərdə o vaxt kənd rayonlarında rayon partiya komitələrinin birinci katibləri plenuma gələr-gəlməz, siz onların hamısını Mütəllibova səs verməyə təhrik etmisiniz. Bu barədə yəqin ki, siz özünüz də televiziya verilişlərindən eşitmisiniz.

TELMAN ORUCOV: Mən sizə yox, bu barədə danışanların ünvanına demək istəyirəm ki, bu, tam iftiradır. Əgər bir raykom katibi ilə mənim belə söhbətim olubsa, bu məsələni özü deyə bilər. Onu da deyim ki, plenum gecə saat 12-də başladı. O vaxt kimisə qəbul etmək, kiminləsə söhbət etmək imkanı, şəraiti də yox idi. Əgər var idisə, bu işlərə başçılıq edən Mərkəzi Komitənin ikinci katibi idi. Çünki o təşkilati məsələlərə bilavasitə başçılıq edən adam idi.

EMİN ƏLİYEV (magistr): 20 Yanvar hadisəsini tarixi aspektdən araşdırsaq, daha yaxşı olardı. Çünki 20 Yanvar faciəsində erməni amili xüsusi rol oynamışdır. Bundan sonra isə Azərbaycan rəhbərliyinin bu qırğındakı günahından danışmaq yerinə düşərdi. 130-a qədər cənazə eyni vaxtda qaldırıldı, lakin Azərbaycanın rəhbərlərindən heç biri həmin dəfn mərasimində iştirak etmədi. Tarixin gedişində bizə aydın oldu ki, həmin insanlar – Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, Vaqif Hüseynov Moskvaya qaçdılar. Onlar Moskvada öz mənfur niyyətlərini həyata keçirmək istədilər. 20 Yanvar, əslində, Azərbaycan xalqına törədilmiş soyqırımlarından biri idi. Həqiqətən də Əbdürəhman Vəzirov, Ayaz Mütəllibov Azərbaycan xalqının birbaşa iştirakı ilə yaradılacaq və keçiriləcək məhkəmələrdə cavab verməlidirlər.

 

NƏBİ XƏZRİ (Xalq şairi):Mənə elə gəlir ki, hər şeyin bir zirvəsi olur - ədalətin də, məhəbbətin də, sədaqətin də, eyni zamanda cinayətin də, fitnəkarlığın da, satqınlığın da. Adətən, zirvələr ondan uzaqlaşdıqca daha aydın görünür. Ona görə indi biz bu hadisəyə çox böyük diqqətlə baxır və olub-keçənləri daha dəqiq, aydın görürük. Bu, xalqın milli yaddaşını özünə qaytarmaq, inamını daha da möhkəmləndirmək üçün çox vacibdir.

O vaxt mən xəstə yatırdım. Yanvarın 24-də plenumda iştirak etdim. Orada tribunaya qalxıb tələb etdim ki, Yazov buraya gəlsin. Yazov Nasos qəsəbəsində hərbi aerodromda oturmuşdu. Bütün hadisələrə oradan rəhbərlik edirdi. Qırğınlar hələ davam edirdi. Respublikanın rayonlarına qədər gedib çatmışdı. Biz tələb edirdik ki, o, plenuma gəlsin, cavabdeh olsun. “İzvestiya” qəzetində onun müsahibəsi dərc edilmişdi. Deyirdi: “Biz Bakıya girdik ki, xalq hərəkatını dağıdaq”. Mən dedim, bir yerdə ki, “xalq“ sözü var, xalq var, onu dağıtmaq olmaz. Xalqı qırmaq, məhv etmək olmaz. Özü də Azərbaycan xalqı kimi böyük mədəniyyətə malik, əsrlər boyu dünyaya böyük korifeylər vermiş bir xalqı heç cür qırmaq, məhv etmək olmaz. “Amerikanın səsi” radiosu ilə bizim əlaqələrimiz vardı, onlara bəyanatlar çatdırırdıq, onlarla teleks əlaqəmiz vardı. “Azadlıq” radiosuna məlumatlar verirdik. Bu verilişlərin yaxşı cəhəti ondadır ki, kimin-kim olduğunu aydınlaşdırır. Hər şey öz yerini tutur.

APARICI: Bəli, Moskva və onun yerlərdəki əlaltıları o gecə Azərbaycan xalqına qarşı qanlı cinayət törətdi. Gecəni yuxusuz qalan Bakı səhər bu dəhşətli cinayətin qanlı izlərinin şahidi oldu: əzilmiş maşınlar, güllələnmiş binalar, qətlə yetirilmiş insanlar. Üzdəniraq “şanlı” sovet ordusunun Bakıya zəfər yürüşünün sonu bu idi. Sovet imperiyasının qanlı siması bu idi. Amma bütün bunlar xalqımızın azadlıq əzmini daha da artırdı. Azərbaycan bir gecənin içində əsrə bərabər yol keçdi. Bu, azadlıq, istiqlal yolunun başlanğıcı idi. Törədilən qətllər də, qırğınlar da xalqı bu yoldan artıq döndərə bilməzdi və bilmədi də.

(Materialın davamı qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNƏCƏK

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün yaşıl baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2 VİDEO

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq