Tərtərdə əkinlərin suvarma suyu ilə təminatı yaxşılaşdırılır

Tərtər, 29 yanvar, AZƏRTAC
Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Tərtər Rayon Suvarma Sistemləri İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonun 27 min 513 hektar əkin sahəsi Yuxarı Qarabağ kanalı üzərində qurulmuş nasos stansiyaları, Tərtər çayı, İncəçay və subartezian quyuları vasitəsilə suvarılır. İdarənin balansında 626,8 kilometr uzunluğunda suvarma kanalları var.
Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2018-ci ildə suvarma kanallarının lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri işləri davam etdirilib. Bu dövrdə 401 min kubmetr kanallarda lildən təmizləmə işləri görülüb, 20 ədəd hidrotexniki qurğu təmir olunub. Buruc arxının 150 metr hissəsinə beton üzlük çəkilib.
Tərtər rayonunda əkin sahələrinin suvarma suyuna olan tələbatının təmin edilməsi üçün hər il yeni subartezian quyularının qazılması da diqqət mərkəzində saxlanılır. Subartezian quyularının istismarı idarəsindən verilən məlumata görə, dövlətimizin başçısının sərəncamları əsasında son illərdə rayonda 80 subartezian quyusu qazılaraq istifadəyə verilib. Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2018-ci il 12 mart tarixli Sərəncamına əsasən, ötən il Tərtər rayonu ərazisində 13 yeni subartezian quyusu qazılıb. Ötən il qazılmış subartezian quyuları vasitəsilə 400 hektardan çox əkin sahəsi suvarılacaq.
2018-ci ildə Tərtər rayonunda əkilmiş pambıq sahələri 4,4 dəfə, taxıl sahələri 2,1 dəfə, yem bitkiləri 4,47 dəfə, günəbaxan və qarğıdalı 3,5 dəfə, çuğundur 7 dəfə, bostan-tərəvəz 6,3 dəfə, çoxillik bitkilər 2,3 dəfə, həyətyanı sahələr 4,8 dəfə suvarılıb. Əkinlərin vaxtlı-vaxtında suvarılması nəticəsində rayonda becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı da yüksəlib.
Rayonda 2019-cu ilin məhsulu üçün əkilmiş 11 min hektar taxıl bitkilərinin, 744 hektar yonca, 66 hektar sarımsaq, 8 hektar soğan, 2 hektar noxud sahəsinin suvarılması başa çatdırılıb, pambıq əkiləcək ərazilərdə arat işlərinə başlanılıb.