Ukraynanın enerji böhranı və Azərbaycanın verdiyi töhfə VİDEO
Kiyev, 24 iyul, AZƏRTAC
Ukrayna enerji böhranı ilə üz-üzədir. Rusiya-Ukrayna müharibəsinin yaratdığı enerji qıtlığı rəsmi Kiyevi çətin duruma sala bilər. Enerji infrastrukturunun bir qismi yararsız vəziyyətdədir və növbəti qış mövsümündə yarana biləcək çıxılmaz vəziyyəti indidən anlamaq heç də çətin deyil.
Ukrayna dövlətinin fövqəladə gücünü enerji təhlükəsizliyinə yönəltməsi növbəti dəfə enerji böhranının yaşanmaması üçün önəmlidir. Bəs Ukraynada ötən ilin qış mövsümündə yaşananlar təkrarlanmayacaq?
Ukrayna Ali Radasının Energetika və kommunal xidmətlər məsələləri komitəsinin üzvü, Enerji qənaəti və enerji səmərəliliyi altkomitəsinin sədri, deputat Sergey Naqornyak AZƏRTAC-a müsahibəsində bildirib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi əməliyyatlarının əvvəlində Zaporojye Atom Elektrik Stansiyası Rusiya hərbçiləri tərəfindən ələ keçirilib: “Rusiya ordusu hələ də oradadır və bu obyektə nəzarət edir. Zaporojye Atom Elektrik Stansiyası bir ildən artıqdır ki, fəaliyyət göstərmir. Əslində o, elektrik enerjisi istehsal etmir, AES-i lazımi vəziyyətdə saxlamaq üçün Ukrayna enerji sistemindən müəyyən miqdarda elektrik enerjisi sərf edir.
Hər gün daha çox rus yaraqlılarının təhdidlərini görürük. Kəşfiyyatımız deyir ki, Zaporojye AES-i minalanıb və ruslar hər an onu məhv edə bilər, Çernobıl AES-də olduğu kimi texnogen fəlakət baş verə bilər. Amma biz hələ də o fəlakətin nəticələrini görürük və bəşəriyyət onun nəticələrini hiss edir”.
Sergey Naqornyakin sözlərinə görə, Ukraynanın enerji sisteminin qışa hazırlığının ikinci problemi ondan ibarətdir ki, ötən payızın əvvəlindən ölkədə müvafiq obyektlər mütəmadi atəşə tutulub. Ukraynanın enerji sisteminin obyektlərinə Rusiyadan minlərlə raket atılıb. Bir çox infrastruktur obyektləri zədələnib və ya dağılıb.
Ukraynalı deputat ölkəsinin enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi töhfənin çox qiymətli olduğunu vurğulayıb: “Beynəlxalq tərəfdaşlar, o cümlədən dost Azərbaycan bizə kömək etdiyinə görə biz enerji sistemini mümkün qədər bərpa edirik. Biz Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynaya, xüsusən də enerji sektorumuza göstərdiyi köməyə görə təşəkkür edirik. Bu yaxınlarda Azərbaycan Prezidentinin Sərəncamı ilə Ukraynanın enerji sisteminə elektrik avadanlıqlarının alınması və təhvil verilməsi üçün yardım məqsədilə 7,6 milyon dollar ayrılıb. Biz buna görə çox minnətdarıq. Bu, qarşıdan gələn qışdan sağ çıxmağımız üçün mühüm töhfədir”.
Sergey Naqornyak deyir ki, Rusiya öz məqsədlərinə çatmaq üçün bu qış Ukraynanın strateji infrastrukturuna, xüsusən də enerji sisteminin obyektlərinə dönə-dönə terror edəcək.
“Onların bir məqsədi var - qışda ukraynalıları “dondurmaq” ki, isinməyə imkan olmasın, evlərdə işıq olmasın. Ancaq tərəfdaşlarımızın sayəsində bu gün biz qarşıdan gələn çətin qışa hazırlaşırıq. Bəlkə də əvvəlkindən daha mürəkkəb olacaq. Ancaq ukraynalılar artıq hazırdırlar, bir çoxunun evdə kiçik bir generatoru var. Biz tərəfdaşlarımıza enerji sistemi üçün avadanlıqların köməyinə görə minnətdarıq ki, bu da bizə çətinliklərin öhdəsindən gəlməyə kömək edir”, - deyə Ali Radanın deputatı vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev