İQTİSADİYYAT
Xarkovda SOCAR-ın yeni yanacaqdoldurma məntəqəsi açılıb
Kiyev, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da Ukraynanın Xarkov şəhərində SOCAR-ın yeni yanacaqdoldurma məntəqəsi açılıb.
Bu barədə AZƏRTAC-a SOCAR-ın Ukraynadakı törəmə şirkəti “SOCAR Energy Ukraine”dən məlumat verilib.
Yeni yanacaqdoldurma məntəqəsi Xarkov şəhərində avtomobillərin intensiv hərəkət etdiyi ərazidə, Otakar Yaroş və Kloçkovskoy küçələrinin kəsişməsində yerləşir. Bununla da SOCAR-ın Xarkov şəhərində yanacaqdoldurma məntəqələrinin sayı 6-a çatıb.
Yeni komplekslərin üstün cəhəti onların xüsusi dizaynla müasir sənaye üslubunda tikilməsidir. Burada hər şey SOCAR-ın ənənəsinə uyğun olaraq beton, şüşə və metal konstruksiyaların vəhdətindən ibarətdir. Yanacaqdoldurma məntəqəsində “98 Nano”, “95 Nano”, “95”, “ДТ Nano Extro”, “ДТ Nano” və qaz yanacaq növləri satılır.
Qeyd edək ki, “SOCAR Energy Ukraine” SOCAR-ın törəmə şirkətidir. SOCAR-ın Ukraynadakı nümayəndəliyi 2008-ci ildə açılıb. Hazırda premium-klass yanacaqdoldurma məntəqələri şəbəkəsinə 58 kompleks və 4 neft bazası daxildir, onlar Ukraynanın 11 vilayətində fəaliyyət göstərir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev