İDMAN
® Azərbaycanda ilk dəfə: Azarkeş “Neftçi”nin qonağı oldu





Bakı, 18 may, Nicat Məmmədov, AZƏRTAC
“Gaming League Azerbaijan” (GLA) və Azərbaycan Kiberidman Federasiyasının təşkilatçılığı ilə keçirilən FIFA21 turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, böyük maraqla qarşılanan FIFA21 yarışının qalibi “GMT Esports” komandasının üzvü Cavid Qurbanov Bakının tarixi “Neftçi” futbol klubunun bazasında qonaq olub. Qalib iştirakçı komandanın məşqində iştirak edərək futbolçuların hazırlığını canlı izləməklə “Neftçi” ailəsində unudulmaz gün keçirib.
FIFA21 turnirinin qalibi Cavid Qurbanov “Neftçi”də olduğu müddətdə baş məşqçi Samir Abbasov, futbolçular Keysuke Honda, Səlahət Ağayev, Emin Mahmudov və digər komanda üzvləri ilə görüşmək, şəkil çəkdirmək imkanı qazanıb. “Gaming League Azerbaijan” təşkil etdiyi layihə çərçivəsində Cavid Qurbanov “Neftçi”nin futbolçusu Namiq Ələsgərovla FIFA21 oyununda bir-birinə rəqib olub.
Qeyd edək ki, FIFA21 turnirinin qalibi azarkeşi olduğu komandanın qonağı olmaqla Azərbaycan idman tarixində ilkə imza atıb.
“Gaming League Azerbaijan” layihənin reallaşmasında göstərilən dəstəyə görə “Neftçi” peşəkar futbol klubuna təşəkkür edib.
“Gaming League Azerbaijan” layihəyə dəstək olan Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinə də minnətdarlığını bildirir.