® Bu il “Azercell” daha 25 tələbəni sevindirib
Azərbaycanın mobil rabitə bazarının lideri “Azercell Telekom” MMC tələbələrin fəaliyyətinin dəstəklənməsi üçün hər il keçirilən Tələbə Təqaüd Proqramının 2019-cu il üzrə qaliblərini elan edib. Mərhələli seçim nəticəsində bu il 25 tələbə “Azercellin Təqaüdçüsü” adına layiq görülüb. Tələbələri təbrik etmək üçün şirkət tərəfindən yanvar ayının 21-i təşkil edilən görüşdə “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və Təhsil Nazirliyi “SABAH” qruplarının tədris işləri üzrə rəhbəri Eldar Qocayev iştirak edib.
V.Mürsəliyev çıxışı zamanı şirkətin korporativ sosial məsuliyyət siyasətinin daim öz ardıcıllığı, dayanıqlılığı və şəffaflığı ilə seçildiyini deyib. Həmçinin şirkət tərəfindən həyata keçirilən İllik Tələbə Təqaüd və Təcrübə proqramlarının ölkə gənclərinin inkişafına yatırılan investisiyalar olduğu bildirilib.
Məlumat üçün bildirək ki, “Azercell” tərəfindən keçirilən Tələbə Təqaüd Proqramında iştirak etmək üçün 1398 tələbə müraciət edib və seçimlər 3 mərhələdə keçirilib. Birinci seçim mərhələsi tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsindən ibarət olub. İkinci mərhələdə 759 tələbə məntiq və ingilis dilindən ibarət xüsusi hazırlanmış test tapşırıqlarında biliklərini sınayıb. Tapşırıqları uğurla yerinə yetirən 66 tələbə üz-üzə müsahibələrə dəvət alıblar. Tələbələr akademik bilikləri, dünya görüşü, elmə və təhsilə həvəsi və sair meyarlar əsasında dəyərləndirilib. Qaliblər ali təhsillərinin sonunadək “Azercell”dən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və təcrübə keçmək imkanını əldə edəcək.
Qeyd edək ki, təqaüdçülərin 9-u Bakı, 7-si bölgə təhsil müəssisələrinin tələbələridir. Digər 9 tələbə isə 2017-ci il Təhsil Nazirliyinin “SABAH” qrupları və “Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində “SABAH” tələbələri sırasından seçilib.
Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Qeyd edək ki, “Azercell” şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 180-dan çox tələbə “Azercell”in təqaüdçüsü adına layiq görülüb.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət etmək mümkündür.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.